Məktəblərdə uşaqların sağlamlığı necə qorunacaq?

13:40 10-09-2020 45

Təhsil müəssisələrində göstərilən tibbi xidmətin əsas öhdəlikləri arasında şagird və tələbələrin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması, sağlamlığın davamlı monitorinqinin aparılması və ilk tibbi yardımın göstərilməsi dayanır.

Bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova onlayn formatda verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da, məktəbə ilk dəfə gedən uşağa fizioloji, psixoloji və sosial adaptasiyalardan keçməyə, təhsil müəssisələrində fəaliyyət göstərən peşəkar psixoloq, sosial pedaqoq, loqoped və tibb bacılarından ibarət olan peşəkar multidistiplinar bir heyət kömək edir.

Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi, həmçinin, hazırda ölkəmizin təhsil ocaqlarında təhlükəsiz sağlam mühitin yaradılmasının ən vacib məsələlərdən olduğunu xüsusi qeyd edib:

 “Qaydalara görə, orta məktəblərdə şagird sayından asılı olaraq, tibbi kabinet ayrılmalıdır, burada ixtisaslı kadrlar işləməlidirlər. Həmin kabinetlərdə çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhal ilkin tibbi yardım göstərməlidirlər. Xəstəliyi keçirən uşaqlar həkim nəzarətində olmalı, şagirdlər mütəmadi profilaktik baxışdan keçirilməli və hər hansı bir xəstəliklə bağlı şübhələr olarsa dərhal təcrid edilməlidirlər.

Təhsil müəssisələrində tibbi xidmətin təşkili Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normalarının təsdiq edilməsi haqqında” qərara əsasən aparılmalı və daim nəzarət altında saxlanılmalıdır. Bu istiqamətdə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020 illər üzrə Dövlət proqramı”, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022 illər üzrə Dövlət proqramı”, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020 illər üzrə strategiya” kimi layihələri, eləcə də qəbul olunan digər sənədlər gənc nəslin sağlamlığının qorunması, onların öz ölkələrinin layiqli vətəndaşları kimi böyüməsi üçün ölkə rəhbərliyi tərəfindən atılan mühüm addımlardır”.

Onlayn müsahibə zamanı Aynurə Zeynalova Səhiyyə Nazirliyinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə davamlı və məhsuldar əməkdaşlığın təhsil və səhiyyə sahələrinə göstərdiyi təsiri haqqında öz fikirlərini bildirib:

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində, o cümlədən ölkəmizdə də səhiyyə və təhsil sahələrinin inkişaf siyasətinin ayrılmaz bir hissəsinə çevrilib. Bundan başqa, daha bir layihə olan Təhsil Nazirliyi tərəfindən məktəblərdə həyata keçirilən “Sağlam təhsil – sağlam millət” proqramının tərkib hissəsi olaraq, həyata keçirilir və proqramda əks olunan sağlamlıq məsələlərinin icrasına öz töhfəsini verir. 

Payız-qış fəsillərində havaların soyuması, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən immunitetlərinin zəifliyi, otaqların sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi ilə əlaqədar tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunması vacibdir”.

Müsahibəsinin sonunda Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində nəzərdə tutulmuş əlavə tədbirlər haqqında danışıb:

 “Müvafiq tədbirlər barədə qərarların dərhal verilib, həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Uşaqlar və gənclər UNICEF, ÜST və Səhiyyə Nazirliyi kimi etibarlı mənbələr vasitəsilə COVID-19 virusu haqqında daim məlumatlı olmalıdırlar”.