Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA

16:00 10-09-2020 30

II ixtisas qrup üzrə ümumilikdə 13 min 800 yer ayrılıb, həmin yerlərə 13 442 abituriyent seçim edə bilər.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar canlı yayımda deyib.

O bildirib ki, bununla bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 4 saylı buraxılışında əks olunub:

“II ixtisas qrupu üzrə ümumilikdə 13 min 800 yer ayrılıb. Onlardan 12 min 795 əyani, 1005-i isə qiyabi yerlərdir. Jurnalda ötən il ilə müqayisədə plan yerləri və ixtisaslarla bağlı dəyişikliklər də qeyd olunub. Bu il II ixtisas qrupu üzrə “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb. Bu ixtisas üzrə 570 plan yeri ayrılıb. Məsələn, ötən il “Turizm və Otelçilik” ixtisası üzrə 1070 yer olub, bu il isə belə bir ixtisas artıq yoxdur. Amma turizmə aid iki ixtisas əlavə olunub. Onlardan biri 235 plan yeri ayrılan “Turizm bələdçiliyi” ixtisası və 990 plan yeri ayrılan “Turizm işinin təşkili” ixtisasıdır. Bu il təxminən ümumilikdə ayrılan 1200 plan yeri, ötən ilki 70 yeri əvəz edir”.

M.Abbaszadə həmçinin abituriyentlərin yığdıqları ballar üzrə seçim edə biləcəklərini qeyd edib:

“İlk növbətə regionlarda yoxsa paytaxtda oxumaq istədiyinizə qərar verib, daha sonra topladığınız bal əsasında yerlər seçməlisiz. Seçimi düzgün etməklə, keçid ballarını ötən ilki keçid balları ilə müqayisə etməklə uyğun ixtisasları seçə bilərsiz. Ümumilikdə II ixtisas qrup üzrə ayrılan 13 min 800 yerin 8 min 690 yerini 200 baldan yuxarı nəticə göstərən abituriyentlər, 4 min 752-ni isə 150 bala qədər nəticə toplayan abituriyentlər müvafiq olaraq seçə bilərlər”.