Ayağının amputasiya olunacağını öyrənən kişi özünü yandırmaq istədi

17:20 10-09-2020 362

Bu gün Bərdə Rayon İcra Hakimiyyətinin qarşısında 50-55 yaşlarında kişi özünü yandırmağa cəhd edib.

Bu barədə Axar.az-a Bərdə sakinləri məlumat verib. Bildirilib ki, ətrafdakıların yardımı ilə cəhdin qarşısı alınıb və xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə həmin şəxsin 1967-ci il təvəllüdlü İlham Nəsibov olduğunu bildirib.

Baş həkim qeyd edib ki, İ.Nəsibov onların pasiyentidir:

“Özünün dediyinə görə, nə ev-eşiyi, nə də qalmağa yeri var. Xəstəxananın cərrahiyyə şöbəsində avqustun 27-dən müalicə alırdı. Xəstəliyi ayağındakı diabetik qanqrena ilə bağlıdır. Bu gün onun ayağındakı diabetik qanqrenadan qoxu gəlirdi. Öz ayağının iyindən müalicə aldığı palatada da dura bilmirdi. Bu gecə də o üfunətli qoxuya dözməyərək palatadan həyətə çıxıb. Mən də dərhal göstəriş vermişəm ki, onu palataya qaldırın, belə halda həyətə çıxa bilməz. Hətta bildirmişəm ki, müalicə üsulu olaraq ayağı ambutasiya oluna bilər. İstəyirik ki, nəticə yaxşı olsun. O, bundan həyəcanlanıb, qorxuya düşüb”.

Nizami Mehdizadə deyib ki, təcili yardımın həkimləri və mühafizəçilər İlham Nəsibovu yuxarı çıxara bilməyib:

“Mən özüm gedərəm”, - deyərək həkimləri aldadıb. Sonra oradan qaçaraq İcra Hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd edib. Özünün dediyi sözlərə görə, bu cür yaşamaq ona çətindir. Ayağının kəsilməsini istəmir. Qorxusundan İcra Hakimiyyətinin qarşısında ayaqlarını yandırıb. Dərhal maşın göndərmişəm, gətirmişik. İzolyasiya etmişik. Müalicəsi təyin olunub və bu yöndə proflaktik işlər davam edir. Yüngül yanıq xəsarətləri var. Hazırda özünü yaxşı hiss edir”.