Məhkəmə DTX-nin həbs etdiyi XİN-in sabiq şöbə rəisi haqqında qərar verdi - YENİLƏNİB

19:00 10-09-2020 48

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün verdiyi vəsatətə baxılıb.

Hakim İlkin Rüstəmlinin sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin vəkilinin vəsatəti təmin edilməyib.

10:55

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

APA-nın məlumatına görə, vəsatətə Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin icraatında bu gün baxılması gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.