Əhali ən çox nəyə pul xərcləyib?

16:00 11-09-2020 27

2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.

2020-ci ilin yanvar-avqust aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,9 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 22,8 faizi ticarət müəssisələri, 50,8 faizi fərdi sahibkarlar tərəfindən, 26,4 faizi isə bazar və yarmarkalarda satılıb.

2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,9 faiz, fərdi sahibkarlar üzrə 1,1 faiz artıb, bazar və yarmarkalarda isə 13,7 faiz azalıb.

2020-ci ilin yanvar-avqust aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 308,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 166,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq malları alıb.