Şəkidə evdən qızıl və pul oğurlayan cinayətkar qrup ələ keçdi - FOTO

10:00 12-09-2020 393

Şəkidə fərdi yaşayış evindən xeyli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu xəbər yayıb.

Bildirilib ki, daxil olan müraciətlə əlaqədar olaraq həmin ünvana baxış keçirilib, zərərçəkmişə məxsus evdən 8 000 ABŞ dolları, 8 000 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.  Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər Şəki şəhər sakini- Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev saxlanılıb.

Saxlanılan şəxslərin ətrafında aparılan araşdırma zamanı məlum olub ki, E. Rəsulov, A.Abdulhəmidov və S.Mustafayev qabaqcadan əlbir olub, həmin evə oğurluğa girməyi planlaşdırıblar. Onlar ev sahibini və ailə üzvlərini izləyərək, heçkimin olmadığı müddətdə  ora daxil olublar. Pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra isə öz aralarında bölüblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlanmış qızıl və pul onlardan maddi sübut kimi götürülüb. 

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,  hər üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.