Ağdamda kəhriz su sistemləri bərpa olunur - VİDEO

10:40 13-09-2020 462

Beynəlxalq Miqrasiya Təşkilatının və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonu ərazisindəki kəhrizlər bərpa edilir.

Layihəyə uyğun olaraq, dörd il ərzində səkkiz mindən çox məcburi köçkün ailəsinin sıx məskunlaşdığı səkkiz rayon və şəhərdə kəhrizlər bərpa ediləcək.

2018-2022-ci illəri əhatə edən layihə çərçivəsində Ağdam rayonu ərazisində 17 kəhrizin bərpası nəzərdə tutulub. Hazırda Əhmədağalı kəndi ərazisində yerləşən, Mirəşelli kəndinə aid “Şəmsi” və Kolqışlaq kəndinə aid olan “Çinarlı” kəhrizlərində ənənəvi üsulla bərpa işləri həyata keçirilir. Kəhriz quyuları xüsusi texnika vasitəsilə qazılır. Təmizləmə işləri aparıldıqdan sonra kəhriz quyuları və tunellərində dəmir-beton həlqələr quraşdırılır.

Layihə mühəndisi Rəvan Mehdiyev qeyd edib ki, kəhrizlərin bərpasında ilk dəfə olaraq yeni texnoloji metodologiya da tətbiq ediləcək. Belə ki, kəhriz tunelləri üfüqi qazma avadanlıqları vasitəsilə qazılacaq və dəmir-beton həlqələr deyil, plastik borular quraşdırılacaq. Kəhrizlərin üstünlükləri ondan ibarətdir ki, heç bir elektrik enerjisi sərf edilmədən əhali öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur.

Qeyd edək ki, qlobal istiləşmə və onun yaratdığı fəsadlardan olan su mənbələrinin azaldığı hazırkı dövrdə Azərbaycanın aran zonalarında su probleminin aradan qaldırılmasında kəhrizlərin bərpası mühüm əhəmiyyət kəsb edir.

Nəzərinizə çatdıraq ki, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda 1999-cu ildən kəhrizlərin bərpası ilə bağlı layihələr həyata keçirir.