Millət vəkili Fəzail Ağamalı deyəsən mandatına güvənib yavaş-yavaş həddini aşır

13:12 15-09-2020 17

O, çıxışlarında insanlara böhtan atır, qara yaxır və nəlayiq sözlər yağdırır!


Bandit, antipod parazit və s. İxtiyarı varmı? Ona bu ixtiyarı kim verib? 
Neçə müddətdir mətbuatın gündəmindən düşməyən millət vəkili Fəzail Ağamalı mətbuat səhifələrindəki çıxışlarında vəzifəsindən istefa verən məmurlara qarşı çox da xoşagəlməyən ifadələr işlədir, beləliklə də xalqın nifrətini qazanır.

Bunu belə dəyərləndirmək olar ki, bu ilin fevral ayının 9-da keçirilən növbədənkənar parlament seçkilərində seçicilərinin böyük əksəriyyətinin dəstəyini əldə edə bilmədiyindən, seçiciləri tərəfindən təhqir olunaraq rayondan qovulan (Gəncə İnstitutundan qovulan kimi) Fəzail Ağamalı dolayısı yolla xalqdan intiqam alır.

Sual olunur: Əgər seçiciləri onu, o da seçicilərini tanımadığı halda o necə millət vəkili seçilib? Görünən budur ki, burada seçkinin nəticələri onun xeyrinə saxtalaşdırılıb məhz buna görə də ona millət vəkili deməyə adamın dili gəlmir.

Hamımız çox gözəl bilirik ki, neçə yüz illərdir ki, sazı tut ağacından, qara zurnanı isə ərik ağacından düzəldirlər.

Əgər sağbənd yanılıb sazı ərik ağacından düzəldəndə saz zurna səsi çıxardır. Təbii ki, saz, söz xalqımızın yaxın, uzaq keçmişinin əzəmətli nişanəsidir. F.Ağamalı isə ocaq-çıraq söndürən uğursuz millət vəkilidir.

O, həm də qatı rüşvətxordur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun o vaxtki məzunlarından bir neçəsi ilə apardığımız fərdi söhbətlərdən bəlli olmuşdur ki, F.Ağamalıdan İnstitutda pulsuz qiymət, zaçot almaq mümkün deyildi. O, indi düzlükdən danışır. Naxçıvan İnstitutunun rəhbərliyində onun rüşvətxorluğu barədə kifayət qədər tutarlı faktlar var idi. Lakin F.Ağamalı DTK-nın rəisi Nəriman İmranovla yaxınlıq etdiyinə görə ondan ehtiyat edirdilər. Ötən yazımızda məlumat verdiyimiz kimi o İnstitutun 3 müəllimini tutdurmuşdu.

Millət vəkili deputatlığı dövründə bir dəfə də olsun seçiciləri ilə görüşməyib, onlardan hər hansı birinin tapşırığını icra etməyib, deputat belə olmalıdırmı?

Düşüncələrimizə görə deputat seçicisinin nökəridir, deputat ən çətin, yaman gündə seçicisinin yanında onun sıxıntısına da şad gününə də şərik olmalıdır. Fəzail Ağamalının isə seçicilər seçkidən-seçkiyə yadına düşür. Qeyd etmək zərurəti yaranır ki, F.Ağamalı müstəqillik illərində bütün siyasi partiyalarda təmsil olunub, Azərbaycana rəhbərlik etmiş prezidentlərin hamısının ən yaxın adamı ola bilib amma prezidentlər vəzifəsindən gedəndən sonra onlara qarşı çıxıb böhtan yağdırıb, əsassız qara yaxıb.

Ötən yazımızda qeyd etdiyimiz kimi bir vaxtlar cəbhəçi bəylərin hakimiyyəti illərində dəridən-qabıqdan çıxan, özünü Əbülfəz Elçibəyin ən yaxın silahdaşı kimi təqdim edən millət vəkili indi keçmiş müdafiə naziri Rəhim Qazıyevi Rus kəşfiyyatının agenti adlandırır. Görəsən bununla bağlı Ağamalının əlində hər hansı bir fakt varmı? O nəyə əsaslanıb bunu deyir və ictimailəşdirir? Biz Rəhim Qazıyevi müdafiə etmirik. O bəlkə də ən uğursuz kadr idi. Hər şeydən əvvəl ona görə ki, O hərbçi yox müəllim idi. Bizim məqsədimiz odur ki, F.Ağamalı ahıl yaşında haqqa, dinə, imana qayıtsın. Görün böyük Nəsimi necə gözəl deyib;

“Haqdan qaçan, haqqa çatmaz”

Biz də bu çağırışa qoşuluruq və təkidlə istəyirik ki, islah olunasınız, millət vəkili nə qədər ki, gec deyil!

Hələlik millət vəkilisiniz, toxunulmazlığınız var, bu səbəbdən də yerə-göyə sığmırsınız, 2mənəm-mənəm” deyirsiniz.

Vaxt gələcək çox peşiman olacaqsınız amma sonrakı peşimançılığın heç bir faydası olmayacaq, ictimaiyyət Sizi qəbul etməyəcək.

Görün dahi şairlərdən biri əsərində nə gözəl deyib:

Heç kəs mənəm deyib şeşələnməsin,

Yanan ocaqların sönən vaxtı var!

Ömürlük səmada quş da dayanmaz,

Onun da göylərdən enən vaxtı var!

Qaynaya-qaynaya qazan daşanda,

Sərhəddi adlayıb həddi aşanda,

Fələyin yanına yaxınlaşanda

Təkərin geriyə dönən vaxtı var!

Vüsal Əzizov