Parlamentdə deputatların maliyyə məlumatları barədə ilkin araşdırma aparılacaq – LAYİHƏ

15:00 16-09-2020 342

Milli Məclisin İntizam komissiyasına yeni səlahiyyətlər verilir.

HerGun.Az-ın Milli Məclisdən əldə etdiyi məlumata əsasən, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi” layihəsində yazılıb.

Əsasnamə layihəsinin 3.1.12-ci maddəsinə görə, İntizam komissiyası deputatların maliyyə xarakterli məlumatları təqdim etməsinə nəzarəti həyata keçirəcək.

3.1.13-cü maddədə isə yazılıb ki, İntizam komissiyası deputatın maliyyə xarakterli məlumatlarını qəbul etmək və həmin məlumatlar əsasında ilkin araşdırma aparmaq səlahiyyətinə malikdir.

Qeyd edək ki, buna qədər Milli Məclisin Daxili Nizamnaməsində İntizam komissiyasının səlahiyyətləri müəyyənləşsə də, ona deputatın maliyyə xarakterli məlumatlarını qəbul etmək, ilkin araşdırma aparmaq səlahiyyəti verilməmişdi.

Digər bir yenilik isə bundan ibarətdir ki, İntizam Komissiyasının iclasları ayda iki dəfədən az olmayaraq keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İntizam komissiyasının sentyabrın 17-də keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov