Füzuli Məmmədov: “Qalatasaray”ın güclü və zəif tərəflərini bilirik”

20:40 16-09-2020 24

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunundan öncə keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirib:

- Kimə qarşı oynayacağımızı bilirik. Rəqibin səviyyəsi bəllidir və bu barədə çox danışmağa ehtiyac yoxdur. “Qalatasaray”ı lazımi qədər analiz edib, futbolçulara fikirlərimizi çatdırmışıq. Oyunu gözləyirik. Meydana çıxıb qələbə üçün əlimizdən gələni etməyə çalışırıq. Bir faiz də şansımız varsa, ondan maksimum istifadə etməliyik.

- “Qalatasaray”ın ən güclü tərəfi yarımmüdafiənin irəli hissəsi və hücum xəttidir. Bunu qarşılayacaq tərəf dayaq yarımmüdafiənizdir. Sizdə isə belə futbolçu yalnız bir nəfərdir...

- Rəqibin güclü, zəif tərəflərini bilirik. Son oyuna görə belə düşünürsünüzsə, haqlısınız. Ancaq sabah fərqli oyun olacaq. Rəqibi analiz etdiyimizi deyiriksə, deməli, buna qarşı da planlarımız var.

- Komandanı psixoloji olaraq bu “yama”dan çıxarmaq çətin deyil ki?

- Düşünmürəm ki, komanda “yama”dadır. Sadəcə, son oyunu məğlub olmuşuq. Bu barədə çox danışmaq istəmirəm. Psixoloji durum çox önəmlidir. Komandanı maksimum dərəcədə hazırlamağa çalışırıq. Keyfiyyətli futbolçularımız var və oyunun mahiyyətini dərk edirlər. Belə komandalara qarşı həm milli səviyyəsində, həm klubda daha əvvəl də oynayıblar.

- Fatih Terim iki görüşünüzü izlədiyinizi bildirdi. Siz rəqibin son oyununa baxmısınız?

- Bəli. İzləmişik.

- Bu oyunun həm sizin, həm də komandanız üçün şans olduğunu düşünürsünüzmü?

- Əlbəttə, belə komandalara qarşı uğur qazanmaq tarixdir. Hər bir futbolçu da qələbə qazanmaq istəyir.

- Son oyunda göründü ki, Mamadu Mbodjla aranızda problem var. Anton Krivotsyuk qırmızı vərəqə aldı və psixoloji durumunda problemlər görünür. Belə müdafiə xəttindən nə gözləyirsiz?

- Yaxşı oyun gözləyirəm. Mbodjla aramızda heç bir problem yoxdur. Futbolda belə məqamlar yaşanır. Bunu öz aramızda danışmışıq. Onun səhvlərini göstərdikdən sonra tam razılaşdı. Bütün futbolçularımdan gözəl, mübariz, döyüşkən oyun gözləyirəm.

- Oyuna az qalmış stadionun dəyişdirilməsi planlarınıza necə təsir etdi?

- Elə də çox təsiri olmadı. Millidə olan futbolçularımız burada oynamışdı. İstənilən halda, doğma şəhərimizdəyik. Düşünmürəm ki, bu bizə problem yaradacaq. Sadəcə, meydana çıxıb oynamaq lazımdır.

- Emin Mahmudovun oyunu alınanda komanda da yaxşı çıxış edir. Bu oyunla bağlı onunla xüsusi söhbətiniz olubmu?

- Hər bir futbolçu komandamız üçün önəmlidir, hamısı mənə dəyərlidir. Bütün futbolçularla həm individual, həm kollektiv şəkildə danışmışıq. Peşəkar futbolçulardır və hər şeyi anlayırlar. Bu məqamları çox şişirtməyə ehtiyac yoxdur. Hamı sabahkı oyuna hazırdır.

- Prins İbaranın durumu necədir? İlk dəqiqələrdən meydanda olması gözlənilir?

- Tam qərarı son məşqdən sonra verəcəyik. Onun durumu ürəyimcədir.

Səbuhi Musayev