Deputat: “Dünya ictimaiyyətinə qəbul etdirməliyik ki, davamız haqq davasıdır”

14:40 06-10-2020 372

“Qarabağda ordumuz tərəfindən həyata keçirilən uğurlu anti-terror əməliyyatı barədə beynəlxalq birliyə gerçəklərin çatdırılması çox vacibdir. Bu işin həyata keçirilməsində bizim xaricdəki diaspor qurumları ilə işləyən orqanlarımız, səfirliklərimizlə yanaşı, sadə soydaşlarımızın da üzərinə böyük vəzifə düşür. Dünya bilməlidir ki, biz birincisi, ərazi bütövlüyümüzü təmin edirik, ikincisi isə terror və aqressiv separatçılıqla mübarizə aparırıq”.

Bu sözləri Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması fonunda təbliğati mübarizə barədə danışan Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan zaman-zaman dünya birliyinin bəzi üzvləri və xarici media orqanlarının ədalətsiz mövqeyi ilə üz-üzə olur. İstisna deyil ki, ermənilərə havadarlıq edən bu qüvvələr indi də fəallaşıblar:

“Fikir verirsinizsə, Azərbaycan ordusunun anti-terror əməliyyatlarının xarici media tərəfindən şərhində gerçək mahiyyətdən yayınma hallarını müşahidə edirik. Ermənistan cəbhə xəttindən çox-çox uzaqlarda olan yaşayış məntəqələrimizə, respublikamızın ikinci böyük şəhəri Gəncəyə, paytaxt Bakıya yaxın rayonlara uzaq mənzilli raketlərdən zərbələr endirir, ancaq bir çox hallarda o dairələr susur. Bizim separatçılarla mübarizəmizi isə sanki sadə erməni xalqına qarşı aqressiya kimi qələmə verirlər”.

E.Allahverdiyev hesab edir ki, xaricdə yaşayan həmvətənlilərimiz bu anti-təbliğatın təsirini azaltmaq üçün olduqları ölkələrdə fəallıq göstərməli, müxtəlif aksiyalar keçirməli, yerli mediada çıxışlar etməli və sosial şəbəkələrdə gözüaçıq olmalıdırlar.

“Dövlət və ordu öz işini görür. Biz də bizim üzərimizə düşənləri etməliyik. Bu, Vətən müharibəsidir. Bu savaşda və gələcək qələbəmizdə hər birimizin izi və zəhməti olmalıdır”, - deyə E.Allahverdiyev bildirib.

“Gəncə, Mingəçevir, Bərdə, Ağcəbədi, Beyləqan, Xızı və Abşerona, habelə təmas xəttinə bitişik kəndlərimizə endirilən artilleriya zərbələrinin əsas niyyəti maksimum şəkildə azərbaycanlının qətlə yetirilməsidir.

Necə ki, bunu ötən əsrin 80-90-cı illərində edirdilər. Quşçular, Malıbəyli, Xocalı faciələrini unutmamışıq. İndi ağlaşma qurublar, sanki biz bu torpaqları işğal etmək üçün gəlmişik. Ona görə də dünyaya izah etməliyik ki, bizim ata-babalarımız bu kəndlərdə və rayonlarda yaşayıblar və ermənilər tərəfindən qovulublar. Biz bizə məxsus olan üçün gəlmişik və bunu beynəlxalq ictimaiyyət bilməlidir”, – deyən deputatın sözlərinə görə, hazırda cəbhədən uzaqda yerləşən yaşayış məskənlərinə endirilən zərbələr nəticəsində qətlə yetirilmiş sakinlərimiz barədə məlumat verərkən mütləq halda ermənilərin Birinci Qarabağ Müharibəsində etdikləri vəhşiliklər barədə də danışılmalıdır.

“Qələbə istənilən halda bizim olmalıdır və olacaq. Çünki bizim mövqeyimiz ədalət üzərində bərqərar olub. Ali Baş Komandan İlham Əliyevin Ermənistan rəhbərliyi qarşısında qoyduğu şərtlər qəbul edilməyincə bu vətən uğrunda canımızdan keçməyə hazır olmalıyıq.

Ancaq eyni zamanda, dünya ictimaiyyətinə, xarici dövlətlərə qəbul etdirməliyik ki, davamız haqq davasıdır, öz torpağımız uğrunda döyüşürük. Bu işdə dövlətin xaricdə yaşayan soydaşlarımıza ehtiyacı var”, – deyə E.Allahverdiyev bildirib.