Agentlik: “Turizm infrastrukturuna ziyan dəyməyib” - MÜRACİƏT

15:40 06-10-2020 405

Azərbaycan Turizm Bürosu beynəlxalq turizm tərəfdaşlarına Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzü və Dağlıq Qarabağ konflikti ilə bağlı müraciət ünvanlayıb.

Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, müraciətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilib. 

“Beynəlxalq hüquq normalarına əsasən Azərbaycan əraziləri Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilib. Bir çox beynəlxalq təşkilatlar tərəfindən münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinin zəruriliyi ilə bağlı sənədlər qəbul edilib.

Təəssüf ki, son 30 il ərzində məsələnin həlli ilə bağlı razılıq əldə olunmayıb və mütəmadi olaraq atəşkəs rejimi pozulub. 

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması ilə Azərbaycan tərəfi əks hücum əməliyyatına başlayıb” – deyə, müraciətdə qeyd edilib.

Bildirilib ki, hazırda davam edən silahlı qarşıdurma turizm  bölgələrindən və turizm dəhlizlərindən kənarda baş verməkdədir. Silahlı toqquşmalar nəticəsində ölkənin turizm infrastrukturuna heç bir ziyan dəyməyib. Bütün bu illər ərzində Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, ölkə turizminin inkişaf etdirilməsini uğurla həyata keçirərək dünya turizmində Azərbaycanın yeni məkanı kimi tanıdılmasına nail olub.