Qarabağ klanı Paşinyana qarşı çevriliş hazırlayır – TƏHLİL

01:40 07-10-2020 434

Ermənistanın cəbhədə ardıcıl ağır məğlubiyyətlər alması bu ölkənin daxili siyasətinə də öz təsirini göstərir. Təşkil olunmuş süni inqilabla hakimiyyətə gələn Paşinyanın sıradan çıxara bilmədiyi güclü rəqibləri müharibədən ona istifadə etməyə hazırlaşır. 

Aydın məsələdir ki, Nikol Paşinyanın böhran dövründə zəif “performansı”, atəşkəs diplomatiyasının uğursuzluğu onu yalnız xaricdə deyil, daxildə də nüfuzuna ciddi zərbə vurub. Qarabağ cəbhəsindəki ardıcıl itkilər, “inqilabçı liderin” siyasi ömrünü sürətlə qısaldır. 

1998-ci ildə hakimiyyəti ələ keçirərək onu 20 il əlində saxlayan Qarabağ klanı növbəti Qarabağ müharibəsindən yararlanmağa çalışır, artıq bunun ilk əlamətləri var. 

Ötən həftə Qarabağ klanının lideri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan işğal altındakı bölgələrə gəlib. Qarabağa hərbi formada gələn Koçaryan tək olmayıb. Onunla birlikdə Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Seyran Ohanyan da Qarabağda görünüb. Hətta “üçlünün” hərbi geyimdə birgə fotosu da yayılıb. 

Onun ardınca Ermənistanın başqa bir eks-prezidenti Serj Sarqsyan da Qarabağa, daha dəqiq Xankəndinə gəlib. Burada separatçıların lideri ilə görüşən Sarqsyan xoş qarşılanmadığı mediada vurğulanır. Təbii ki, Sarqsyanın məqsədini yaxşı anlayan Paşinyanın komandasına aid olan separatçı rejimin indiki rəhbərliyi Sarqsyanla görüşdən, onu Qarabağda görməkdən məmun deyil. 

Əlbəttə, ağır xəstəlikdən əziyyət çəkən Koçaryanın Qarabağda əlinə silah alacağını heç kim gözləmir. Üstəlik keçmiş “müharibə komandasının” Qarabağdan mundirli görüntü verməsinin Azərbaycan üçün də mesaj olacağı inandırıcı deyil. Əksinə, Koçaryan daha çox nifrət və qəzəb doğurur. Formal olaraq Koçaryan həmyerlilərinə ruh yüksəkliyi vermək üçün gəldiyi görüntüsünü yaratmaq istəsə də, əsl mesaj Ermənistanın indiki hakimiyyəti, yəni birbaşa Paşinyana ünvanlanıb. Hazırkı hadisələr Qarabağ klanı üçün revanş fürsətidir. 

Aydındır ki, uduzan Paşinyanı ermənilər əfv etməyəcək. Müharibənin uğursuzluqları, eyni zamanda iqtisadi, sosial vəziyyətin pisləşməsi (Ermənistanda hazırda bu qaçılmazdır – R.Quliyev) əhali arasında ciddi qəzəb yaradır. Daxili auditoriyanın yığılmış qəzəbini yönəltmək üçün ən ideal fiqur hazırkı baş nazirdir. Mövcud qanunlara görə, ölkənin ali icra orqanına o rəhbərlik edir, dolayısı ilə məğlubiyyətin, yaranacaq problemlərin məsuliyyəti də onun üzərindədir.

Bunu 20 il əvvəl çevrilişlə hakimiyyətə gələn Qarabağ klanı yaxşı anlayır. Bunun üçün də Qarabağa gəlib özlərini göstərir, növbəti prosesə hazırlaşırlar. 

Paşinyanın isə indi vəziyyəti təkcə Azərbaycanla döyüş cəbhəsində pis deyil. Ermənistan iqtisadiyyatı pandemiya dövründə ciddi sarsıntı yaşayıb. Ölkə iqtisadiyyatının əsas gəlir mənbələri iflasa uğrayıb. Ölkə iqtisadiyyatında 13 faizdən çox tənəzzül qeydə alınıb. Halbuki ötən il göstəricilər o qədər də pis deyildi. Ancaq pandemiya ölkə iqtisadiyyatını darmadağın edib. Ermənistanın iqtisadi artımının ən yüksək drayveri hesab olunan xidmət sektoru pandemiyanın təsiri ilə 10 faiz azalıb.

Ermənistan Mərkəzi Bankının 27 sentyabrdan əvvəl cəmi 2,6 milyard dollar həcmində olan rezervləri müharibə dövründə sürətlə “əriyir”. Bütün bunların yeganə günahkarı yalnız Paşinyandır.

Artıq erməni səhifələrində və mediada ehtiyatla ölkənin növbəti rəhbərinin adları müzakirə olunmağa başlanılıb. Proseslərin bu şəkildə davam etməsi Paşinyanın istefası və ya devrilməsinə doğru aparır. Ekspertlərə görə, Ermənistan siyasi hakimiyyətinin gələcək taleyi iki ssenari üzərindən cərəyan edə bilər. 

Birinci variant Paşinyanın yaxın dövrdə hökumət içərisində təzyiqlər və ardıcıl uğursuzluqlardan sonra istefaya getməsidir. Nikol Paşinyan daha böyük zərbə və uğursuzluq yükünü üzərinə almamaq üçün hakimiyyəti anlaşma ilə nisbətən yaxın siyasi liderlərdən birinə ötürə bilər. 

Bunların sırasında hazırkı prezident Armen Sarkisyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın adları hallanır. 

Lakin daha çox ehtimal olunan hərbi çevrilişidir. Çünki Paşinyanın hakimiyyəti ötürməsi çox çətin ola bilər. Üstəlik keçmiş illərin təcrübəsi də göstərir ki, adətən müharibə dövründə Qarabağ klanı daha çox fəallaşır. Çünki hərbi güc, eləcə də münaqişə bölgəsindən qaçıb gələn qəzəbli kütlə Qarabağ klanının elektoratıdır. Yəni münaqişə uzandıqca Qarabağ klanının çevriliş imkanları da artır. 

Lakin çevriliş Ermənistanı xilas etməyəcək, əksinə, ölkədə ictimai-siyasi vəziyyət daha da pisləşəcək, böhran bütün sahələrə yayılacaq. Nəticə etibarı ilə indi İrəvanın yeganə çıxış yolu Azərbaycanla müharibəni dayandırmasıdır. Bunun isə yeganə yolu var – Azərbaycanın işğal olunmuş ərazilərinin tam azad olunması. 

Rəşad Quliyev