Türkiyənin Kanadadakı səfiri: “Ermənistan işğal etdikləri ərazilərdən çəkilməlidir”

12:00 07-10-2020 409

Türkiyənin Ottavadakı səfiri Kərim Uras Kanadanın CBC kanalının “Power&Politics” verilişində Ermənistanın Azərbaycan torpaqlarını işğalı barədə danışıb.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

K.Uras qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bir milyondan çox azərbaycanlı öz ölkəsində köçkün həyatı yaşayır.

Türkiyəli səfir Ermənistanın Azərbaycana hücum edərək səhv addım atdığını və Azərbaycan tərəfinin beynəlxalq birliyin tanıdığı ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə apardığını vurğulayıb. O, bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də qeyd olunur.

K.Uras bildirib ki, Azərbaycan tərəfində suriyalıların döyüşdüyünə dair iddialar həqiqəti əks etdirmir, əslində Ermənistan döyüşlərdə terror təşkilatı PKK/PYD üzvlərindən istifadə edir.

O, Türkiyənin qardaş Azərbaycanın haqlı mübarizəsində yanında olacağını vurğulayıb.