Prezident: “İndi Azərbaycan özü status-kvonu dəyişir” - VİDEO

00:20 08-10-2020 440

Ermənistan status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq.

Bu sözləri oktyabrın 7-də “Euronews” televiziyasına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. 

Dövlət başçısı Azərbaycanın Ermənistan tərəfindən dəfələrlə hücuma məruz qaldığını bildirib:

“Son üç ayda Azərbaycana üç hücum edilib. Biri iyulda Ermənistan-Azərbaycan sərhədində, Dağlıq Qarabağ regionundan uzaqda olub və Ermənistanın məqsədi Azərbaycanın yeni ərazilərini işğal etmək idi. Onlar bunu etməyə müvəffəq olmadılar. Ordumuz onları məğlub etdi. 

Sonra avqustun 23-də onlar bizim mülki şəxslərimiz və hərbçilərimizə qarşı terror aktları törətmək üçün diversiya qrupu göndərdilər. Bu da onlar üçün uğursuz oldu. Çünki diversiya qrupunun başçısı saxlanıldı və o, eynilə mənim indi dediklərimə dair ifadələr verir. Sentyabrın sonunda onlar bizim kəndlərimizə və şəhərlərimizə qarşı genişmiqyaslı hücuma keçdilər. 

Sizə deyə bilərəm ki, bu günə qədər 900 ev tamamilə dağılıb və ya zərər çəkib, mülki şəxslər arasında çox sayda tələfat və yaralı insanlar var. İndi Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar. Atəşkəsi onlar özləri pozdular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar”.