Fransanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib - VİDEO

20:40 16-10-2020 404

Bu gün Fransanın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

APA-nın xəbərinə görə, aksiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bitərəfliyini itirən Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması tələbi səsləndirilib.

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılan ATƏT-in Minsk Qrupu 28 ildir heç bir həll yolu tapmayıb, həmsədr ölkə olan Fransa BMT qətnamələrini pozaraq qeyri-konstruktiv münasibət nümayiş etdirir.

Aksiyada Fransa Senatının 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarını “soyqırımı” kimi tanıması xatırladılıb, Fransa rəsmilərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı daim qərəzli açıqlamalarla çıxış etdiyi vurğulanıb.

Həmçinin qeyd olunub ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar masasında olmalıdır.

Aksiyada “Fransa, ATƏT-in Minsk Qrupunu tərk et!”, “Xocalıya ədalət”, “Qarabağ Azərbaycandır!” və s. kimi şüarlar səsləndirilib.

Tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə baş tutub.