Gənclərdən atəş altında olan rayonlara dəstək

20:40 17-10-2020 469

15 oktyabr 2020-ci il tarixində gənclər təşkilatları rəhbərləri Gəncə, Goranboy, Mingəçevir, Naftalan rayonlarına səfər ediblər.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə aparıcı gənclər təşkilatları rəhbərlərinin və millət vəkillərinin iştirakı ilə baş tutan səfərə Bakı və regionlarda fəaliyyət göstərən 15 gənclər təşkilatı qoşulub.

Səfərin əsas məqsədi Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən təxribatlar barədə gənclər ilə söhbət aparmaq, əhalinin mülkünə dəyən zərəri yaxından müşahidə etmək və onlara dəstək nümayiş etdirmək olub.

Səfər zamanı ilk olaraq Gəncə şəhərində Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulmuş binaya baş çəkilib və bina sakinləri ilə görüş keçirilib, yaxınlarını itirən və yaralanan şəxslər ziyarət olunub. Təşkilat rəhbərləri ilə gənclər arasında aparılan müsahibə zamanı gənclərin düşmən təxribatlarına görə ruh yüksəkliyini itirmədiyi, yüksək əhval-ruhiyyə ilə gündəlik işlərinə davam etdiyi məlum oldu.

Gəncə şəhərində baş tutan görüşdən sonra heyət üzvləri Goranboy, Mingəçevir, Naftalan rayonlarına da səfər edərək gənclərə və zərər çəkmiş ailələrə dəstək olub. Ermənistan tərəfindən həyata keçirilən geniş miqyaslı təxribatların əhaliyə vurduğu zərərlər göz qabağındadır. Bu çətin günlərdə bütün Azərbaycan həm ön cəbhədə, həm də arxa cəbhədə bir məqsəd uğrunda mübarizə aparır. Məhz buna görə də, gənclərin birliyini nümayiş etdirərək erməni təcavüzünə məruz qalmış mülki əhaliyə baş çəkmək, zərərçəkən ailələrə mənəvi dəstək olmaq gənclər təşkilatları üçün olduqca prioritet məsələdir.

Qeyd edək ki, gənclər təşkilatlarının regionlara səfəri zamanı zərərçəkmiş ailələrə sosial yardım paketləri verilib və gənclərlə ruhlandırıcı söhbətlər aparılıb. Eyni zamanda, gənclərdən müsahibə götürülmüş və bayraqlar paylanılmışdır.

Region gəncləri arasında Azərbaycan ordusuna yüksək dəstək və inam özünü hər şəkildə büruzə verirdi. Onlar 30 ildir ki həsrətində olduğumuz torpaqların geri qayıdacağına böyük inam bəslədiklərini qeyd etdilər. Səfər bir daha onu sübut etdi ki, heç bir düşmən təxribatı Azərbaycan gəncliyinin Qarabağ sevgisini və orduya olan inamını azalda bilməz.

Ermənistan Silahlı Qüvvələrinin hədəfinə çevrilmiş və atəş altında olan regionlarda yaşayan gənclər bütün çətinliklərə baxmayaraq böyük ruh yüksəkliyi ilə torpaqlarımızın işğaldan azad olunacağı xəbərinin intizarındadırlar.