Azəri-Çıraq-Günəşli yatağından hasil olunan neftin həcmi açıqlanıb

11:40 16-11-2020 490

2020-ci ilin ilk üç rübü ərzində Azəri-Çıraq-Günəşli neft yatağından 17,9 milyon ton neft hasil olunub.

“BP Azərbaycan”dan HerGun.Az-a verilən məlumata əsasən, neft yatağının platformalarından birlikdə orta hesabla gündəlik 482 min barel və ya ümumilikdə təxminən 132 milyon barel neft hasil olub.

Rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 39 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. Bu dövr ərzində AÇG-də 10 neft hasilat və 2 suvurma quyusu qazılıb.

2020-ci ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilib.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%). 

Nigar Məmmədova