“Şahdəniz” yatağından hasilat 13 milyard kubmetrdən çox olub

14:20 16-11-2020 24

2020-ci ilin 9 ayı ərzində Şahdəniz yatağından 13,3 milyard standart kubmetr qaz, həmçinin, 2,7 milyon ton və ya 21,6 milyon barel kondensat hasil edilib.

“BP Azərbaycan”dan HerGun.Az-a verilən məlumata əsasən, bu, yatağın “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə hasil olunan qaz və kondensat həcmidir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon kubmetr, illik isə 20 milyard kubmetrdir.

Əlavə olaraq bildirilib ki, müvafiq dövr ərzində Şahdəniz üzrə fəaliyyətlərə 620 milyon dollara yaxın əməliyyat xərcləri və 719 milyon dollar əsaslı xərclər çəkilib. 

Qeyd edək ki, bu dövr ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhan (BTC) şirkətinə qaz çatdırılıb.

Nigar Məmmədova