BƏƏ-də yaşayan azərbaycanlılar tarixi qələbəmizi qeyd ediblər

10:20 17-11-2020 14

Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması və 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə silsilə tədbirlər keçiriblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dubay şəhərində yaşayan soydaşlarımız Şuşanın erməni işğalından azad olunmasını yüksək coşqu ilə qeyd edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə mübarizə aparan ordumuza dərin minnətdarlıqlarını ifadə ediblər.

BƏƏ-nin paytaxtı Abu-Dabi şəhərində də oxşar tədbir keçirilib. Nuranə Hüseynova və Şəbnəm Əmirovanın təşəbbüsü ilə Abu-Dabidə yaşayan soydaşlarımız Azərbaycanın şanlı qələbəsini qeyd ediblər.

Tədbirdə Azərbaycanın milli musiqiləri, xalq mahnıları səsləndirilib. 12 yaşlı Ceyla Hüseynovanın “Sarı Gəlin” xalq mahnısının sədaları altında etdiyi rəqs maraqla qarşılanıb.

Münəvvər İsgəndərova, Ziba Kalbiyeva, Aysel Məmmədova və “Karabakh is Azerbaijan!” Milli Platformasının BƏƏ üzrə koordinatorlarından biri Sabrin Azimin təşəbbüsü ilə Dubay şəhərində daha bir tədbir baş tutub.

Tədbirdə Dubayda yaşayan və fəaliyyət göstərən məşhur türk müğənnisi Edin Arslantürkün maraqlı ifaları da səsləndirilib.

Soydaşlarımızın təşkilatlanması və Azərbaycan tarixinin, zəngin mədəni irsinin təbliği məqsədilə belə görüşlərin tez-tez keçirilməsi qərara alınıb.