Qubadlıdan olan idmançımız Dünya Kubokunda üç medal qazandı - VİDEO

14:00 18-11-2020 436

11-18 noyabr tarixlərində Perunun təşkilatçılığı ilə keçirilən ağır atletika üzrə yeniyetmələr arasında Onlayn Dünya Kuboku başa çatıb. 

Yarışda 61 ölkədən 399 idmançı (181 qadın və 218 kişi) medal mübarizəsi aparıb. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub.

102 kq çəki dərəcəsində idmançımız böyük uğur qazanıb. Əli Şükürlü birdən qaldırma hərəkətində 145 kq-ı ram edərək bu hərəkətdə dünyanın ən yaxşısı olub. Təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıran atletimiz bu hərəkətdə gümüş medal əldə edib. Toplam 310 kq (145+165) nəticə Əli Şükürlü Dünya Kubokunun yekun sıralamasında da gümüş medal qazanıb.

Uğur qazanan Əli Şükürlü uğurlu yarışı barədə təəssüratlarını da bölüşüb: “Bütün çətinliklərə rəğmən, bu medalları qazana bilməyim məni çox sevindirir. Birdən qaldırmada qızıl, təkan və toplamda gümüş böyük nəticədir və pandemiya şəraitində buna nail olmağıma xüsusilə şadam. Hazırlıqlarımız çox çətin keçdi. Sumqayıtda ev şəraitində məşq edirdim, təlim-məşq toplanışlarımız yox idi. Sağ olsun məşqçilərim Ağalar Muxtarov, Oqtay Muxtarov və Emil Əliyev, ruhdan düşməyimə imkan vermədilər.

Mən Qubadlıdanam. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsi böyük bir bayram idi. Ata-baba torpaqlarımız geri qayıtdı və biz ərazi bütövlüyümüzü təmin etdik. Mən də bu uğurumu Azərbaycan Ordusuna həsr edirəm! Hər bir əsgərimizə təşəkkür edirəm ki, bizə belə xoş hissləri yaşatdılar. Mən də bir idmançı kimi bu qələbəyə əlavə töhfəmi verə bildiyimə görə şadam. İnanıram ki, uğurlarımız davamlı olacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, dörd gün əvvəl digər idmançımız, Şuşadan olan Murad Əliyev (-67 kq) həm birdən qaldırmaya, həm də toplam hərəkətlərin cəminə görə gümüş medal qazanmışdı.

Qeyd edək ki, turnir qeyri-ənənəvi qaydada təşkil edilir. Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyil. Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərarı qəbul edilib. Belə ki, yarışda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalara uyğun və sıralama ilə yerinə yetirir.