Mübariz Qurbanlı beynəlxalq konfransda Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışdı

14:20 18-11-2020 361

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ hökumətinin təşəbbüsü və Polşa hökumətinin təşkilatçılığı ilə 16-17 noyabr 2020-ci il tarixlərində videokonfrans formatında keçirilən “Din və etiqad azadlığının irəlilədilməsi üzrə üçüncü nazirlər konfransı”nda iştirak edib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, konfransda nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla 60-a yaxın dövlətin xarici işlər nazirləri və müavinləri, din azadlığı üzrə xüsusi səfirlər iştirak ediblər.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan Dövlət Komitəsinin sədri Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun işğalı zamanı baş vermiş hadisələri - azərbaycanlıların öz yurdlarından qovulması, qətl edilməsi, tarixi dini-mədəni abidələrimizin, yaşayış məntəqələrinin ermənilər tərəfindən dağıdılması, məscidlərimizin tövləyə çevrilməsi, donuz saxlanılmaqla təhqir edilməsi, o cümlədən tarixi Qafqaz Albaniyasına məxsus kilsələrin erməniləşdirilməyə məruz qalması faktlarını vurğulayıb. 

Həmçinin düşmənin öz təcavüzünə dini don geyindirmə cəhdini də ifşa edən Dövlət Komitəsinin sədri ölkəmizdə müsəlman, xristian, yəhudi və s. dinlərin nümayəndələri kimi minlərlə erməninin sərbəst yaşadığını, Bakının mərkəzində Erməni Apostol Kilsəsinin dövlət tərəfindən qorunduğunu iştirakçıların nəzərinə çatdırıb.