Sahibə Qafarova TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə görüşüb

19:20 18-11-2020 440

Noyabrın 18-də Milli Məclisin Sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Türk Akademiyasının prezidenti Darhan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb. Spiker qonaqları salamlayaraq əvvəlcə görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə haqqında məlumat verərək deyib ki, bu qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu.

Spikerin sözlərinə görə, bu zəfər tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Sahibə Qafarova türk dünyasını təmsil edən qurumların nümayəndələri ilə görüşdən məmnun olduğunu söyləyib. O qeyd edib ki, qonaqların rəhbərlik etdiyi qurumlar bu gün türk dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi işinə böyük töhfələr verir.

TÜRKPA bu istiqamətdə parlament əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Hazırda bu təşkilata sədrliyi Azərbaycan Milli Məclisi həyata keçirir. Qurumun sədri kimi biz Milli Məclis olaraq TÜRKPA-nın fəaliyyətinə lazımi dəstəyi bundan sonra da göstərmək niyyətindəyik. Çünki bu qurum təşkilata üzv ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsində böyük rola malikdir. Görüşdə Sədr Türk Akademiyasının fəaliyyətindən söz açaraq, təşkilatın xətti ilə görülən işləri təqdirəlayiq hesab edib.

Bildirilib ki, əsası 2009-cu ildə Naxçıvan şəhərində Türkdilli dövlət başçılarının IX zirvə görüşündə qoyulan bu qurum türk dünyasında müxtəlif sahələr üzrə tədqiqatlar aparmaq üçün təsis edilib və ötən qısa dövr ərzində uğurlu nəticələr göstərib.

Spiker Türk Mədəniyyəti və İrsi Fondu haqqında da danışaraq bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu qurum türk xalqlarının mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliğində əhəmiyyətli rol oynayır.

Fondun xətti ilə keçirilən dəyirmi masalar, sərgilər, beynəlxalq tədbirlər bu məqsədlərə xidmət edir. Görüşdə çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Türk Akademiyasının prezidenti Darhan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Milli Məclisin Sədrini, Azərbaycan xalqını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən Müharibəsində əldə etdiyi möhtəşəm zəfər və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə səmimi qəlbdən təbrik ediblər.

Sonra qonaqlar təmsil etdikləri təşkilatların fəaliyyəti və gələcək planları haqqında məlumat verərək, gələcəkdə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, o cümlədən, Şuşada beynəlxalq səviyyəli tədbirlər keçirmək niyyətində olduqlarını söyləyərək, bu məsələ ilə əlaqədar fikirlərini bölüşüblər.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.