Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması istiqamətində daha bir addım

12:40 19-11-2020 432

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən elan edilən  “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması” layihəsinin icrası davam edir.

Fonddan bildirilib ki, “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması” layihəsinin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş rayonlardan didərgin düşmüş məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması vasitəsilə Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi dövlət siyasətinə dəstəyin göstərilməsidir.  

Layihənin hədəf qruplarına aid edilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərində məskunlaşmış məcburi köçkün gənclərinin məşğulluq imkanlarının artırılması üçün layihənin birinci mərhələsində hədəf qrupları arasında sorğu keçirilib, həmin sorğuların nəticələrinə əsasən təlim istiqamətləri və bu peşə təlimlərində iştirak edəcək şəxslər müəyyən olunub. Cari ilin 06 oktyabr tarixindən layihə çərçivəsində “Kompyuter operatoru”, “Əməliyyatçı-mühasib” və “Vizajist” peşələri üzrə təlimlərin keçirilməsinə başlanılıb. Ümumilikdə, təlim prosesində 44 nəfər iştirak edib.

Hazırda peşə təlimlərinin birinci fazasının nəticələrinin qiymətləndirilməsi davam edir. Layihənin icra planına uyğun olaraq, dekabr ayının ikinci yarısında bütün ixtisaslar üzrə ümumi qiymətləndirmə keçiriləcək və nəticələrə əsasən təlim prosesini uğurla bitirmiş məzunlara sertifikatlar veriləcək.