İstefa verən erməni generaldan şok etiraflar: “1500 fərarini təcrid vəziyyətində saxlayırdılar”

16:40 19-11-2020 466

Ötən gün tutduğu vəzifədən istefa verən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-polkovnik Movses Akopyan istefasının səbəbləri barədə mətbuata açıqlama verib.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

M.Akopyan Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanla aralarında yaşanan insidentlə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O qeyd edib ki, N.Paşinyanın həyat yoldaşını hərbçilərin komanda məntəqəsində görüb:

“Ona dedim: burada kişilər danışır, söyüş söyürlər. O isə “yaxşı” dedi. Dörd saatdan sonra məni müdafiə naziri ilə görüşmək üçün İrəvana çağırdılar. Qarabağa qayıdacağım ümidi ilə oraya yollandım. Ancaq nazir mənə dedi ki, daha  ora getməməliyəm”, - general-polkovnik bildirib.

M.Akopyan qeyd edib ki, ona N.Paşinyanın adından qondarma qurumun komanda məntəqəsinə getmək qadağan edilib.

Ötən gün istefa ərizəsini yazmış M.Akopyanın sözlərinə görə, 44 günlük müharibə ərzində yayılan yalanlar Ermənistanı dərin böhrana salıb:

“Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 faizi keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 faiz yalan idi”.

İstefada olan general Ermənistan ordusundakı fərarilikdən də danışıb.

“Müharibənin beşinci günü artıq 1 500 hərbçi fərarilik etmişdi. Fərarilərin Ermənistana qayıdıb çaxnaşma salmaması üçün onları Qarabağda təcrid olunmuş vəziyyətdə saxlayırdılar”.