Azərbaycanda karantin rejiminin uzadılmasının əsas səbəbləri - TƏHLİL

17:40 19-11-2020 12

2019-cu ilin dekabrında Çində yayılmağa başlayan və dünya ölkələrində geniş yayılan koronovirus pandemiyası nəticəsində ölüm hallarının kəskin artması müşahidə olunur. 

Bunun nəticəsidir ki, bir çox ölkələr yenidən xüsusi karantin rejimi tətbiq edir, qaydaları sərtləşdirir. 

Avropanın əksər ölkələrində gün ərzində koronovirusa yoluxma artdığı üçün karantin qaydaları ilə bağlı tədbirlər gücləndirilir. Həmçinin, Azərbaycanın qonşu ölkələri - Gürcüstan Rusiya, İran, Türkiyədə yoluxma saylarının artımında dinamika müşahidə olunur. 

Çox təəssüf ki, Azərbaycanda da koronavirusa yoluxmada artım qeydə alınır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir, sanitar-epidemioloji durum pisləşir.

Açıqlanan statistikadan məlum olur ki, insanlar qaydalara əməl etmir.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bu gün Azərbaycanda koronavirusa (COVID-19) 2597 yeni yoluxma faktı qeydə alınıb, 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 23 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 23476 nəfərdir. Ölkədə son sutka ərzində 12874, hazırkı dövrədək isə 1562442 test aparılıb. Ümumi ölənlərin sayı 1053 nəfərdir. Ümumi yoluxanların sayı 83994 nəfər, ümumi sağalanların sayı 59465 nəfərdir.

Son günlər COVID-19-a yoluxmanın 2000-dən yuxarı olması və rəqəmlərin gündəlik əsasda artım tendensiyası vəziyyətin çox təhlükəli olduğundan xəbər verir. Burada ölüm hallarının da sayının artması hər kəsi narahat edir. 

Bütün bunları nəzərə alan Azərbaycan bu gün yenidən karantin müddətini uzatdı. 

Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

Eyni zamanda, sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılıb.

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən, aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.

Burada bir vacib məqam da ondan ibarətdir ki, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. 

Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.

Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentin  müdiri Yaqut Qarayeva bildirib ki, bütün dünya qərara gəlib ki, bu xəstəliklə mübarizədə karantin tədbirlərindən başqa heç bir ciddi vasitə yoxdur:

“Sərtləşdirmə tədbirləri bir sıra ölkələrdə aparılır. Hər birində fərqli sərtləşmələr var. Yeganə metod karantin, maskadan istifadə, dezinfeksiya tədbirləridir. Türkiyədə də artıq sərtləşdirmə tədbirləri aparılır. Biz də müddət bu taktikanı istifadə etdik.

Lokal qapanmalarla xəstəliyə qalib gəlmək istəsək də, istənilən nəticəni vermədi. İnsanların kütləvi toplaşması zamanı maskadan istifadə edilmir. Biz onların nə üçün toplaşdığını bilirik”.

“Bəzən evlərdə tədbirlər təşkil edilir. Amma bu düzgün deyil, çünki bu, yoluxmanın sürətlənməsinə gətirib çıxarır. Lakin bilmək lazımdır ki, maskadan istifadə edilməməsi xəstələnmə sayının artmasına səbəb olur”.

İnsanlar bu xəstəliyə qalib gəlmək üçün qaydalara əməl etməli, sosial məsafə saxlamalıdır. 

İlhamə Əbülfət