Bakıda arvadını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxundu - VİDEO

10:40 20-11-2020 31

Arvadını xüsusi amansızlıqla öldürən şəxs 19 il azadlıqdan məhrum edilib. 

Baku TV xəbər verir ki, 2019-cu ilin oktyabrın 6-da saat 19:00 radələrində “Bakı Beynəlxalq Avtovağzalı”nın qarşısında Bakı şəhər sakini 33 yaşlı Nicat Məmmədov yaranan mübahisə zamanı həyat yoldaşı 28 yaşlı Leyla Məmmədovaya soyuq silah hesab edilən xəncərlə 20-dən artıq zərbə endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Cinayəti törədən N.Məmmədov 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqla müəyyən edilib ki, oktyabrın 6-da N.Məmmədov özünə məxsus “Daewoo Nexia” markalı avtomobillə atası, azyaşlı oğlu və həyat yoldaşını qayınanasının yaşadığı Yasamal rayonu, Z.Kərimov küçəsi, 133 ünvanına apararkən, yolda arvadı ilə aralarında mübahisə başlayıb. L.Məmmədovaya qarşı yaranmış nifrət hissinin təsiri altında, qisas məqsədilə onu öldürmək qərarına gəlib.

Həmin gün saat 18:20-də “Bakı Beynəlxalq Avtovağzalı”nın girişinin qarşısında idarə etdiyi avtomobili saxlayıb. Maşının yük yerindən kustar üsulla hazırlanmış xəncəri götürüb və sağ arxa qapını açaraq arxa oturacaqda əyləşmiş qadının sinə nahiyəsinə iki zərbə endirib. Atası Nazir Məmmədov oğlunun hərəkətlərinin qarşısını almağa çalışaraq, onu yerə yıxıb. Həmin vaxt xəncər N.Məmmədovun əlindən yerə düşüb. Bundan istifadə edən L.Məmmədova avtomobildən düşərək qaçıb. Niyyətini başa çatdırmaq üçün atasının əlindən çıxan N.Məmmədov yerdəki xəncəri götürərək qadının arxasınca gedib. Kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrinə ardıcıl xəsarətlər yetirərkən, həyat yoldaşı müvazinətini itirərək yerə yıxılıb. Yalvarışlarına məhəl qoymadan, müstəsna dərəcədə rəhmsizliklə zərbələr vurmaqla L.Məmmədovanı xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. 

Habelə həmin vaxt “Avtovağzal” metrostansiyasının qarşısındakı magistral yoldan keçən avtomobillərin normal hərəkətini pozmaqla, ictimai yerdə, ətrafdakı çoxsaylı insanlara qarşı etinasızlıq nümayiş etdirib və xəncərlə, hadisə yerində olan Edil İsgəndərova qarşı zor tətbiq etməklə xuliqanlıq hərəkətləri törədib. 

Məhkəmə iclasında Nicat Məmmədov ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə belə nəticəyə gəlib ki, N.Məmmədovun törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.3 (xuliqanlıq, silah qismində istifadə olunan əşyalarla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə tövsif olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.