Ermənilərin “ruhlar şəhəri”nə çevirdiyi Ağdam Azərbaycan üçün hansı əhəmiyyətə malikdir? - VİDEO/FOTO

23:20 20-11-2020 463

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən işğal edilmiş  ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir.

Bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-dək Ermənistan ordusu tərəfindən tam boşaldılaraq Azərbaycana təhvil verildi. Artıq Azərbaycan Ordusu Ağdama daxil olaraq Azərbaycan bayrağını şəhərdən asıb.

Sevindirici faktdır ki, Ağdam rayonunun Azərbaycana təhvil verilməsi prosesi heç bir güllə atılmadan, heç bir əsgərimizin qanı tökülmədən baş tutub. Məlum olduğu kimi, Ağdam rayonunun ərazisi keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamlarının mürəkkəbliyi ilə seçilir. Bu səddin keçilməsi cidddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi.

Belədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, sentyabrın 27-dən etibarən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri hərbi əməliyyatlar nəticəsində işğaldan azad olunmasaydı, heç Ağdam da bizə belə rahat qaytarılmayacaqdı. Bu, ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və habelə Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində baş tutdu. Ermənistan faktiki olaraq kapitulyasiya tərkibli bəyanata imza atmaqla Ağdam, Kəlbəcər və Laçını boşaltmağa söz verdi.

Təbii ki, Ağdam rayonu Azərbaycanın tərkibində olduğu formada qalmayıb. Ermənilər Ağdam şəhərini dağıntılara məruz qoyub. Demək olar ki, orada əhali yaşamadığından, xarici jurnalistlər tərəfindən Ağdam “ruhlar şəhəri” adlandırılıb.

Bununla belə, əvvəlki görüntülərə baxdıqda Ağdamın necə gözəl şəhər olduğunu görmək mümkündür. İstər Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin hələ 1981-ci ildə Ağdama səfəri zamanı, istərsə də sovet vaxtı çəkilmiş digər görüntülər dediyimizə sübutdur.

Ağdam şəhəri 27 il işğal altında olsa da, bu rayonun Quzanlı qəsəbəsinə edilmiş səfərlər bölgənin Azərbaycan üçün əhəmiyyətinin nə dərəcədə yüksək olduğunu və məcburi köçkünlərin unudulmadığını göstərir. Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin 9 dəfə etdiyi səfərlər (01.03.2006, 17.01.2008, 04.10.2008, 11.11.2010, 06.08.2014, 01.05.2016, 03.12.2016, 05.11.2018 və 03.06.2020-ci il tarixlərdə) buna bariz nümunədir.

Bəs Ağdam Azərbaycan üçün hansı əhəmiyyətə malik idi?

Ağdam Azərbaycanın böyük və strateji əhəmiyət kəsb edən rayonlarından biridir. Vaxtilə Qarabağ xanı Pənahəli xan bu ərazidə ağ daşlardan ibarət yay sarayı inşa edib, bu imarət ərazidə bir növ istiqamət ünvanına çevrilib. Bu mənada “Ağdam” – nurlanmış işıqlı, ağ ev anlamındadır. “Pənahəli xanın imarəti” adı ilə tanınan abidə dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə - Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib.

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar da bunu təsdiq edir. Üzərliktəpə Qafqazda ilk şəhər tipli yaşayış məskəni də hesab edilir.

Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıstan kəndində yеrləşən Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi memarlıq abidələr burada yerləşir. 

Onların əksəriyyəti işğal dövründə məhv edilib. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.

1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar qorunub saxlanılırdı. 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ermənistan tərəfindən tamamilə dağıdılıb. 2001-ci ildən muzey öz fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında qismən bərpa edib.

Dünyada ikinci, MDB məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoyub və muzeydə olan 1500-dək eksponat yanaraq məhv olub.

Ağdam rayonunun işğala məruz qalan ərazilərində 107 kitabxana filialını özündə birləşdirən Rayon Mərkəzi kitabxanası və 67 kitabxana filialı tamamilə məhv edilib, digər 40 kitabxana filialının yerləşdiyi binalar, fondlarında olan kitablar və inventarlar tamamilə yararsız hala düşüb.

Ağdamda 15 mineral xammal yatağı mövcud idi ki, bunlar əsasən yeraltı içməli su, qeyri-filiz və inşaat materialları yataqları idi. Burada Qarqarçay şirin su yataqları, Gülablı üzlük daşı, Boyəhmədli sement xammalı yatağı, Çəmənli gil, Qarqarçay və Xaçınçay qum-çınqıl yataqları böyük əhəmiyyət daşıyırdı.

Təsəvvür edin, rayonun meşə fondu 4743 hektar olsa da, işğal dövründə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib. Göründüyü kimi, bu rayon Füzuli, Cəbrayıl kimi erməni vandallığına məruz qalıb. Lakin Azərbaycan hökuməti bu ərazilərin 1991-ci ildə çəkilmiş bu görüntülərdən də gözəl olması üçün əlindən gələni edəcək.

Səbuhi Musayev