Mərkəzi Bank Vətən müharibəsində iştirak edən əməkdaşlarını qarşıladı - FOTO

16:20 08-01-2021 456

Vətən müharibəsində iştirak edən Mərkəzi Bank əməkdaşları vətən qarşısında borclarını şərəflə yerinə yetirərək iş yerinə qayıdıblar.

Qurumdan verilən məlumatda bildirilir ki, onlar iş kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Mərkəzi Bankın sədri Elman Rüstəmov Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüşüb.

Mərkəzi Bankın 14 əməkdaşı da Vətən müharibəsində iştirakla bağlı ordu sıralarına cəlb olunub. Onlardan beş nəfəri təlimlərdə iştirak etdikdən sonra ehtiyata buraxılıb, üçü zabit olmaqla doqquz nəfər isə İkinci Qarabağ müharibəsinə qatılaraq cəbhədə hərbi əməliyyatlarda bilavasitə iştirak edib. Düşmən üzərində böyük qələbəmizi şərtləndirən çoxsaylı üstünlüklərdən biri də ordumuzun yüksək hazırlığı olub.

Mərkəzi Bankın əməkdaşlarından bir qrupu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə, həmçinin döyüş hazırlığı, nizam-intizam və qoşun xidmətinin təşkilində yüksək nəticələr əldə etdiyinə görə fəxri fərmanla təltif olunub.

Sonda Vətən müharibəsi iştirakçıları ilə birgə xətirə şəkli çəkilib.