Bir neçə qəsəbədə qaz olmamasının səbəbi - AÇIQLAMA

19:20 08-01-2021 335

Ötən gündən etibarən Bakının bir sıra ərazilərində təbii qazın verilməsiylə bağlı məhdudiyyət yaşanır. Söhbət Masazır, Maştağa, Ramana, Mərdəkan ərazilərindən gedir. 

“Qafqazinfo” problemlə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovla əlaqə saxlayıb. 

O, sözügedən ərazilərdə qaz probleminin olduğunu təsdiqləyib. Bildirib ki, bəzi yerlərdə qazın qəbuluyla bağlı sistemdə nasazlıqlar ortaya çıxıb: 

“Azəriqaz” olaraq bunu bərpa etmək məcburiyyətində qalmışıq. Masazır ərazisində problem olmuşdu. Orada problem həll olunur, yavaş-yavaş kəmərə qaz vurulur. Yerdə qalan ərazilərə də mərhələli şəkildə təzyiq tənzimləməsiylə qaz vurulacaq. 

Bu gün ərzində proses yekunlaşacaq. Saat 17:00 radələrindən qaz açılıb. Amma mənbədən kəmərlərə qaz dolması 1 saata yaxın vaxt aparır. Bu proses tamamlandıqdan sonra qaz bütün evlərə gedib çatacaq”.