Elmanİsrafiloğlu

ƏLƏNİRİK QƏBİR-QƏBİR

13:48 10-01-2021 57

 

ƏLƏNİRİK QƏBİR-QƏBİR

Yoluma baxtım çıxacaq,

Görən, baxtım gül açacaq?

Dolan bulud sulayacaq?-

Güllərimi...

 

Nə qəlbdən çıxarmaq olur?

Nə qəlbdən qoparmaq olur?

Nə sapantla atmaq olur?-

Dərdlərimi...

 

Namərd məni aldadacaq,

Haqq yolumu bağladacaq.

Tanrı, görən kim açacaq?-

Əllərimi...

 

Zamanın “əlində ” xəlbir,

Ələnirik qəbir-qəbir.

Qayçılayır zaman bir-bir,-

Günlərimi...

12.04.2018-ci il.

 

KÜSMÜŞƏM ÖZÜMDƏN

Qısılıb dünyaya  tənha qalmışam,

Sənli xəyalları qucaqlamışam.

Özümə sığınıb hey ağlamışam,

Küsmüşəm özümdən,küsmüşəm,gülüm.

 

Aylar ilə dönür zaman dəyişir

Həsrətin mənlə yox, vaxtla görüşür,

Ötən günlər sınır, ömrümdən düşür,

Küsmüşəm özümdən,küsmüşəm,gülüm.

 

Yığıb gözlərimə sevgi dağını,

Yaşaram ömrümün sənsiz çağını.

İtirib ömrümün  yaraşığını,

Küsmüşəm özümdən,küsmüşəm,gülüm.

 

İndi gəlin köçüb  sevinc gözümdən,

Asılıb həsrətin soyuq sözümdən.

İncimişəm, gülüm, özüm-özümdən,

Küsmüşəm özümdən,küsmüşəm,gülüm.

 

Daha xoşlamıram gələn səhəri,

Daha səsləmirəm ötən günləri.

Səni gözü yaşlı qoyandan bəri,

Küsmüşəm özümdən,küsmüşəm,gülüm.

 

Sevdirə bilmədim ünümü sənə,

Öyrətdim həsrəti, dözümü sənə.

Öyrədə bilmədim özümü sənə,

Küsmüşəm özümdən,küsmüşəm,gülüm.

23.04.2019-cu il.

 

DANIŞIR

Dünya başdan başa dəyişib, atam,

Nadan “alim” olub, sözdən danışar.

Üzə boya çəkmək yaman dəb olub,

Boyalı boyasız  üzdən danışar.

 

Bu dünya  əyilir  nadan sözünə,

Nadanın tir batmır niyə gözünə?

Doğru öz abrını çəkir üzünə,

Yalançı  qışqırır düzdən danışar.

 

Adam var getdiyi yolda sürüşər,

Ona çox adamlar baxıb gülüşər.

Haqq, haqsız yanında tez gözdən düşər,

Hamı nəzər dəyən  “göz”dən danışar.

 

Namərd  mərd yanında hər cür don geyər,

Yaxşı insanların ömrünü yeyər.

Ağıllı susanda , namərd söz deyər,

Kül  közün  yerinə, közdən danışar.

 

El ilə sevinib, deyib-gülməyən,

Olar nadan adam, olar haqq əyən.

Yoxuşu əsayla qalxa bilməyən,

Bir ahıl qoca da dizdən danışar.

 

İstərəm hər zaman qurub-yaradam,

Yaxşı iş görənə mən qol-qanadam.

Ay Elman, haqq yola nabələd adam,

Cığırdan danışır, izdən danışar.

 

 

BU SEVGİNİN RƏNGİ NƏDİ

Bir sevginin həsrətindən,

Əriyir hey baxışlarım.

Kipriklərim dar ağacı,

Asılıbdır göz yaşlarım.

 

 Bəlkə sevgimin rəngindən

Yaranıbdı göy qurşağı.

Rənglər göydə qarışıbdı,

Rənglər sevgidən aşağı.

 

Bu sevginin rəngi nədi?

Çəkəmmirəm rəssam sayaq.

Rənglər çəkir məni göyə,

Nədənsə getməyir ayaq.

 

Buz kimi əriyir dünya,

Hər tərəfim  sel olacaq.

Bu dünya   sevgi rəngində,

Mənim gözümə dolacaq.

 

Gözlərimə gedən yoldan,

Gör nə qədər illər keçib.

Bu vaxt, zaman asılmaqçün,

Dar ağacı məni seçib.