Avstriyalı nazir plagiat ittihamlarına görə istefa verdi

15:00 10-01-2021 356

Avstriyanın federal əmək, ailə və gənclər naziri Kristine Aşbaxer plagiat ittihamlarına cavab olaraq tutduğu vəzifədən istefa verib. İttihamlara görə, K.Aşbaxer magistr və doktor elmi işlərində plagiata yol verib, bütöv hissə və fəsilləri digər müəlliflərin əsərlərindən köçürüb.

K.Aşbaxer bildirib ki, öz elmi işlərini daim müvafiq tələblərə uyğun şəkildə vicdanla hazırlayıb və ali təhsil ocaqlarından plagiatla bağlı rəy gəlmədən onun barəsində səs-küy qaldıranları, mətbuatda adını ləkələyənləri tənqid edib. O bildirib ki, artıq nazir olarkən Slovakiya Texniki Universitetində təqdim etdiyi dissertasiya işində plagiata yol verilməsi barədə məlumat həqiqəti əks etdirmir və müəyyən stereotiplərə söykənən müxalif qüvvələr mətbuatda bu mövzunu qəsdən şişirməyə, onun ictimai nüfuzuna xələl vurmağa çalışıblar. Nazir yekunda qeyd edib ki, şərəf və ləyaqətini qorumaq üçün tutduğu vəzifədən istefa vermək qərarına gəlib.

Avstriyanın Federal Kansleri Sebastian Kurts xanım nazirə bu addımına görə minnətdarlıq edib və yanvarın 11-də bu vəzifəyə yeni təyinatın olacağını bildirib.

K.Aşbaxer ötən ilin yanvar ayından S.Kurtsun ikinci hökumətində federal əmək, ailə və gənclər naziri vəzifəsini tuturdu. Tanınmış “plagiat ovçusu“ Ştefan Veberin iddialarına görə, K.Aşbaxer dissertasiyasının azı 20 faiz hissəsini digər mənbələrdən köçürüb, iqtibasları düzgün təqdim etməyib və bir sıra xətalara yol verib. Slovakiya Texniki Universiteti elmi işin təkrar yoxlanılacağını elan edib.