Vətən müharibəsinin iştirakçısı: “Hər saniyə şəhid ola biləcəyini anlayırsan” - FOTO

17:20 11-01-2021 28

Elbrus Qəhrəmanov – onun soyadı ilə keçdiyi həyat yolu sanki bir-birilə uyğunluq təşkil edir. 

Təkcə onu demək kifayətdir ki, müharibənin başa çatmasına az qalmış, Şuşa yaxınlığında yaralanan hərbçimiz Prezidentin müvafiq sərəncamları ilə dörd medala – “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Media.Az E.Qəhrəmanovla onun cəbhə həyatının ən yaddaqalan məqamları barədə söhbət edib. 

İgid döyüşçünün sözlərinə görə, o, döyüş hazırlığını Ağcabədidə keçib, daha sonra Beyləqana, oradan da cəbhə xəttinə göndərilib:

“Bizi əvvəlcə Cəbrayıl-Hadrut-Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yolladılar. Sonra Xocavənd və Şuşa tərəfə hərəkət etdik. Noyabrın 3-də Şuşa yaxınlığında ermənilər bizi mühasirəyə aldılar. Gərgin döyüş oldu. Səkkiz nəfər şəhid oldu, beş nəfər, o cümlədən də mən yaralandım”.

E.Qəhrəmanov burada bəxtinin gətirdiyini də etiraf edir. O, hər saniyə şəhid ola biləcəyi halda, sağ qalmasını möcüzə kimi qiymətləndirir:

“Güllə sol diz qapağımdan dəymişdi. Buna baxmayaraq, döyüşü davam etdirməli oldum, çünki geri çəkilə bilməzdik. Səhər tezdən bizi və şəhidləri gəlib apardılar və tezliklə Şuşanın alınması xəbərini eşitdik”.

E.Qəhramanov döyüşlərə qayıda bilməməsinə görə təəssüfləndiyini də gizlətmir və erməni gülləsini bir xatirə kimi dizində gəzdirdiyini deyir.