Bəzi məhsulların rüsumsuz idxal edilmə müddəti uzadıldı - QƏRAR

15:00 13-01-2021 575

Vaksinlər, onların şprisləri və neft emalı zavodunun modernləşdirilməsi üçün zəruri mallar rüsumsuz idxal olunacaq.

Bu, Nazirlər Kabinetinin 6 nömrəli qərarında öz əksini tapıb.

Bildirilib ki, ölkə iqtisadiyyatının neft məhsullarına artmaqda olan tələbatını tam ödəmək, Avropa ekoloji standartlarına uyğunlaşdırılaraq daha yüksək keyfiyyətə malik neft məhsullarının istehsal edilməsi məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası işləri həyata keçirilməkdədir. Həmin layihə çərçivəsində xərclərin optimallaşdırılması məqsədilə vergi və gömrük sahəsində bir sıra tədbirlər görülüb.

Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına və 2021-ci il dekabrın 31-dək Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük rüsumlarından azad olunub.

Hazırda zavodun modernizasiyası işlərinin davam etdiyini və layihənin maliyyə yükünün artırılmasının zəruriliyini nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş bu Qərarla gömrük rüsumlarından azadolma müddəti əlavə 1 il artırılır.

Bundan başqa, koronavirus (COVID-19) pandemiyasının insan həyatına və sağlamlığına mümkün təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı 2021-ci il yanvarın 1-dən 2 il müddətinə rüsumdan azad edilıb.