Ötən il doqquz mindən çox uşaq xəstəxanaya yerləşdirilib - RƏSMİ

12:20 14-01-2021 322

Ötən il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan ümumi müraciətlərin sayında 2019-cu illə müqayisədə azalma qeydə alınsa da, hospitalizasiyada nəzərə çarpan artım var. 

Bu sözləri Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkiminin müavini İradə Əliyeva ötən ilin yekunlarına dair və hazırkı vəziyyətlə əlaqədar mediaya verdiyi müsahibəsində deyib.

O bildirib ki, 2019-cu illə müqayisədə, 2020-ci ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlər arasında fərq var:

“2020-ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 702 426 ümumi müraciət daxil olub, bunlardan 77 min halda hospitalizasiya icra edilib. Uşaqlar üçün edilən çağırışların sayı 53 800, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə doqquz mindən artıq olub. Keçən illə müqayisədə ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var”.

İradə Əliyeva sərt karantin rejiminin təcili tibbi yardım xidmətinə təsiri barədə də məlumat verib:

“Pandemiya ilə əlaqədar əhalinin yoluxmadan qorxaraq, tibbi heyətlə təmasdan çəkinməsi, xroniki xəstələrin və yaşlıların müraciətlərinin azalması, karantin rejimi tətbiq olunduğundan, bədbəxt hadisələrin, yol-nəqliyyat qəzalarının, travmaların azalması, məktəbəqədər, orta və ali təhsil müəssisələrinin fəaliyyətinin məhdudlaşdırılması səbəbindən uşaq və gənclər arasında xəstələnmə halları azalıb”.