ASK ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında görüş keçirildi

16:20 14-01-2021 24

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “Reklam və nəşriyyat müəssisələri” ilə iş komissiyası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında görüş keçirilib.

Onlayn formatda keçirilən görüşün məqsədi dövlət satınalmaları sahəsində mövcud vəziyyətin müzakirəsi və sahibkarların təkliflərinin dinlənilməsi olub. 

Görüşdə dövlət satınalmalarının keçirilməsində biznes subyektlərinin o cümlədən kiçik və orta biznes subyektlərinin iştirak imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə dövlət tənzimləməsini həyata keçirən qurumla əməkdaşlığın ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyi qeyd olunub. 

Hazırda dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yeni qanun layihəsi üzərində işlərin yekunlaşmaqda olduğu, bu sahədə prosedurların asanlaşdırılması üçün zəruri data bazaların elektron satınalma portalına inteqrasiya edilməsi üzrə işlərin aparıldığı bildirilib.

Görüşdə iştirak edən sahibkarlar pandemiya şəraitində dövlət satınalmalarının onlayn formatda elektron satınalma portalı (etender.gov.az) vasitəsilə təşkil edilməsinin əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda sahibkarlıq subyektləri dövlət satınalmaları prossesində daha aktiv iştiraka dəvət olunublar.