2020-ci ildə tətbiq edilən sanksiyaların məbləği barədə məlumat verildi - FOTO

12:00 17-02-2021 411

2020-ci ilin ikinci yarısında dörd sahənin fəaliyyət istiqamətləri üzrə işçi qrup yaradıldı və onların dərin təhlilləri nəticəsində islahatlar paketi hazırlandı. Bu fəaliyyət istiqamətləri üzrə müraciətlərə baxıldı və müvafiq tədbirlər görüldü.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan media konfransda deyib.

O bildirib ki, ötən dövr ərzində Dövlət Xidmətinə hökmran mövqedən istifadə etməklə bazarlarda rəqabətin məhdudlaşdırılması ilə bağlı 21 müraciət, təbii inhisar subyektlərinin göstərdiyi xidmətlər üzrə 252 müraciət, bazar subyektlərin tərəfindən haqsız rəqabətə yol verilməsi üzrə 763 müraciət, qanunsuz reklamların yayımı üzrə 23 müraciət daxil olub:

“Bu müraciətlərin nəticəsi kimi antiinhisar qanunvericiliyinin pozulması əlamətəri üzrə altı işə baxılıb. Burada müraciətlər iki cür nəticələnir. Pozuntuların dayandırılması və aradan qaldırılması məqsədilə bazar subyektlərinə göstəriş verilir və maliyyə sanksiyaları tətbiq edilir. Beş məsələ üzrə işlər bu gün də davam etdirilir. “Antiinhisar fəaliyyəti haqqında” qanunun pozulması əlamətləri üzrə iki işə baxılıb və 27 milyon 412 min 962 manatlıq maliyyə sanksiyası, həmçinin, haqsız rəqabət üzrə dörd işə baxılıb və 14 min 179 manatlıq maliyyə sanksiyası tətbiq edilib”.