Rusiyalı ekspertlər: Qarabağ məsələsində Moskva və Ankaranın maraqları tam üst-üstə düşür

18:20 19-02-2021 26

Dağlıq Qarabağ məsələsində Moskva və Ankaranın maraqları tam üst-üstə düşür. Bu barədə rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bəyan edib.

“Ağdamda Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti Rusiya və Türkiyənin münasibətlərində ortaq nöqtələri tapa biləcəyi və birgə layihələri reallaşdıracaqlarının nümunəsidir. Dağlıq Qarabağ məsələsində həm Rusiya, həm də Türkiyənin maraqları üst-üstə düşüb, bu da regionda sülhün bərqərar olması üçün zəmin yaradır”, - Korotçenko “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpüsü vasitəsi ilə bağlantı zamanı bildirib.

Öz növbəsində, rusiyalı ekspert, politoloq, “Siyasi Araşdırmalar İnstitutunun” baş direktoru Sergey Markov qeyd edib ki, Türkiyənin siyasi dəstəyi və Ankaranın Azərbaycana hərbi yardım göstərmək vədi Ermənistan silahlı qüvvələrinin (44 günlük müharibə dövründə - İF) Azərbaycanın neft-qaz nəqli infrastrukturuna zərbə endirmək imkanlarını puç etdi.

“Bundan başqa Türkiyə sübut etdi ki, Böyük və Yaxın Şərq regionunda əsas oyunçulardan biridir. Bu, həmçinin Birgə Monitorinq Mərkəzinin fəaliyyəti zamanı da Rusiya tərəfindən təsdiqlənib. Sıx, siyasi, hətta hərbi ittifaq təşkil edən Azərbaycan və Türkiyə qarşılıqlı əlaqələri Rusiya rəhbərliyi tərəfindən Azərbaycan və Türkiyə xalqlarının suveren siyasət yürütmək hüququ kimi tanınır. Bu cür ittifaqdan Moskva üçün heç bir təhdid görmürük, çünki Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxşı strateji tərəfdaşlıq qurub”, - Markov qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.

Markovun fikrinə görə, Rusiya və Türkiyə çoxqütblüdünya, Avrasiya məkanında qarşılıqlı yardım qavrayışını inkişaf etdirmək məqsədi güdür. Həmçinin o qeyd edib ki, Rusiya-Türkiyə ittifaqı “ABŞ və Aİ-nin diktaturasına” əngəl törədəcək.