Finlandiyada koronavirus testindən imtina edənlər həbslə cəzalandırıla bilər

06:00 20-02-2021 354

Finlandiya hökuməti koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində qanunvericiliyi sərtləşdirməyi planlaşdırır.

Belə ki, testdən imtina edənləri pul cəzası və ya üç aya qədər azadlıqdan məhrumetmə gözləyə bilər.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Müvafiq qanun layihəsi Sosial Rifah və Səhiyyə Nazirliyi tərəfindən cümə günü Parlamentə təqdim edilib.

“Məsələn, COVID-19 epidemiyası zamanı regional dövlət qurumu hava limanında məcburi tibbi müayinəyə qərar verə bilər. Kimsə məcburi tibbi müayinədən keçməyi rədd edərsə, cərimə və ya üç aya qədər həbs oluna bilər”, - layihədə deyilir.

Qanun layihəsinin Parlament tərəfindən qəbul edilməsi, prezident tərəfindən təsdiqlənməsi və fevralın 22-də qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, ölkədə 52 mindən artıq koronavirusa yoluxma qeydə alınıb.