Daha bir qazi protezlə təmin edilir - FOTO

13:00 20-02-2021 21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsinin qazisi Həsənov Murad Teyyub oğlunun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanılıb.

Qurumdan verilən məlumata görə, M.Həsənov nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Burada onun müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib. Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

Qaziyə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və bununla bağlı olaraq aylıq sosial ödənişlərin təyinatı da həyata keçirilib. O, həmçinin bu kateqoriyadan olan əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan da yararlana biləcək.