Ləğv olunan bankların əmanətçilərinə ödənilən vəsaitin məbləği açıqlanıb - RƏSMİ

15:40 20-02-2021 47

Əmanətlərin Sığortalanması Fondu (ADİF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24 min 419 qorunan əmanətçisinə 623,3 milyon manat kompensasiya ödəyib.

Bu barədə HerGun.Az-a Fonddan məlumat verilib.

Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 93 faizini təşkil edir.

Belə ki, “Atabank” ASC üzrə 9 min 755 əmanətçi 242 milyon 918,2 min manat, “Amrah Bank” ASC üzrə 5 min 794 əmanətçi 139 milyon 749,4 min manat, “AGBank” ASC üzrə 4 min 666 əmanətçi 111 milyon 409,8 min manat, “NBC Bank” ASC üzrə isə 4 min 204 əmanətçi 129 milyon 226,3 min manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADİF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.