Türkiyədən gətirilən hind quşu qiyməsi yararsız çıxıb

21:00 22-02-2021 405

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Türkiyə Respublikasında “DIREKÇI DIS TICARET” LTD tərəfindən istehsal olunan və “GLOBAL MEAT” MMC tərəfindən ölkəmizə idxal edilən 22.33 ton dondurulmuş hind quşu qiyməsi məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş hind quşu qiyməsinin zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.