Türkiyə ilə sığorta sahəsində əməkdaşlıq ilkin mərhələdə nə vəd edəcək? - FOTO

12:20 23-02-2021 428

Sığorta sahəsində Türkiyə ilə əməkdaşlığın predmetləri müəyyənləşib.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, bununla bağlı Türkiyə Sığorta Birliyinin rəhbər heyəti ilə videokonfrans formatında görüş keçirilib və iki ölkə arasında sığorta sahəsində qurulmuş əməkdaşlıq çərçivəsində ilk mərhələdə həyata keçiriləcək fəaliyyət planı müzakirə olunub.

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərinin sığorta sahəsində də təmin olunduğundan məmnunluğunu bildirib. Ötən ilin dekabr ayında iki qurum arasında imzalanmış rəsmi memorandum çərçivəsində qurulan əməkdaşlığın hər iki ölkənin sığorta bazarı üçün səmərəli olacağını vurğulayıb.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev qurulmuş əməkdaşlıq çərçivəsində fəaliyyət planının tez zamanda tərtib olunmasını zəruri hesab etdiyini əlavə edib.

İcraçı direktor, imzalanmış memoranduma əsasən ilk mərhələdə kadr və təcrübə mübadiləsinin həyata keçirilməsinin uğurlu ola biləcəyini qeyd edib.