Bakıda yaşayış evində meyiti aşkarlananlardan biri Azərbaycan Texniki Universitetin tələbəsidir - FOTO

19:40 23-02-2021 328

Bu gün Bakıda yaşayış evində meyiti aşkarlanan beş nəfərdən biri Azərbaycan Texniki Universitetin (AzTU) tələbəsi olub. 

Bu barədə HerGun.Az-a Azərbaycan Texniki Universitetin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Əliyev Lətif Rəşad oğlu Universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi olub.  

Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Qeyd edək ki, Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

AzTU-nun rəhbərliyi və kollektivi Lətif Əliyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, bu gün Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində beş nəfərin meyiti tapılıb.