Hindistanda buzlaq uçqunu itkinləri ölmüş hesab edildi

05:00 24-02-2021 339

Hindistanın Uttarakxand ştatında fevralın 7-də buzlaq uçqunu zamanı itkin düşən 130-dan çox insan ölmüş kimi qeyd edilib.

“Times of India” bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən xəbər yayıb.

Hindistan qanunlarına görə, bir fəlakətdə itkin düşən şəxslər barədə yeddi il heç bir məlumat olmadığı təqdirdə rəsmi olaraq onların öldüklərini elan edirlər.

Ancaq bu vəziyyətdə qurbanların ailələrinin səlahiyyətlilərdən təzminat ala bilməsi üçün bu normaya riayət edilməməsinə qərar verilib.

Ştat rəhbərliyi qurbanların yaxınlarına 400 min rupi (9 400 AZN) məbləğində təzminat ödəniləcəyini əvvəlcədən elan edib və mərkəzi hökumət öz növbəsində, 200 min rupi (4 700 AZN) ödəməyə söz verib.

Xilasetmə əməliyyatları zamanı tapılan meyitlərin sayı 70-ə çatıb. Bundan başqa, 29 meyitin parçaları tapılıb.