Sürücüdən 1000 manat rüşvət istəyən yol polisi əməkdaşları BŞBPİ-də müdafiə olundular: Zərərçəkmiş şikayətçi isə ittiham olundu

12:22 05-04-2021 32

Sürücü, şikayətçi vətəndaş Əliyev Taleh Elçin oğludan 1000 (min) manat rüşvət istəyən yol polisi əməkdaşları Bakı Baş Polis İdarəsində müdafiə olundular, zərərçəkmiş şikayətçi isə ittiham olundu. 

Şikayətçi Əliyev Taleh Elçin oğlunun Daxili İşlər naziri Vilayət Eyvazova ikinci dəfə müraciət ünvanlamağa zərurəti yarandı.  Şikayətçi Əliyev Taleh Elçin oğlunun fikirlərini dinləyək:

Cənab nazir, hörmətli Vilayət Eyvazov,

Təkrarən, Sizə müraciət etməyimi qaçılmaz edən zərurət yaradan polis zorakılığına və rüşvətxorluğuna məruz qalmağım və şikayətimə ədalətsiz yanaşılmasıdır.

Birinci müraciətimdə məlumat verdiyim kimi mən Nizami rayonunda şirniyyat sexində işləyirəm. Bu ilin fevral ayının 18-də saat 22:00-da mənə məxsus 90-VE-105 dövlət qeydiyyat nişanlı avtomaşın ilə evimə gedərkən Nizami rayonunun M.Əliyev küçəsində qarşıdan əks istiqamətdə gələn 99 YP 279 dövlət qeydiyyat nişanlı yol polisi avtomaşınına baş verə biləcək yol qəzasının qarşısını almaq üçün səs siqnalından istifadə etmək məcburiyyətində qaldım.

Polis avtomaşını saxladı, iki nəfər polis əməkdaşı avtomaşından yerə enərək mənə yaxınlaşdılar. Baş serjant Bayramov Asifbəy İlham oğlu və Musayev İqrar Himayət oğlu məndən soruşdular ki, hansı səbəbdən lüzumsuz siqnal verirsən? Mən onlara izah etdim ki, siz naruşeniya edirsiniz, siqnal verməsəydim qəza törənə bilərdi.

Baş serjant Asifbəy Bayramov mobil telefonu ilə kiminləsə danışdı, ona dedilər ki, 1000 (min) manat alın buraxın getsin. Mən onlara bildirdim ki, mənim nə təqsirim var, nə də pulum.

Belə olan halda onlar Post Patrul xidməti əməkdaşlarını köməyə çağırıb deyilənləri saxta ittihamlarla sənədləşdirib məni Nizami rayonunun 23-cü polis bölməsinə gətirdilər.

Bir faktı qeyd etmək vacibdir ki, mənim həbs edilməyim məqsədilə qondarma ittihamlarla, protokol tərtib edərək qeyd ediblər ki, guya mən polisin qanuni tələbinə tabe olmamışam və maskam da olmayıb.

Cənab nazir, hörmətli Vilayət Eyvazov,

Hər gün şirniyyat sexinə işə gedəndə hər bir işçiyə həm maska verirlər, həm də əlcək, həmin vaxt mənim cibimdə də ehtiyat maskam var idi, amma polis əməkdaşlarının özlərinin maskası yox idi.

Cənab nazir, hörmətli Vilayət Eyvazov,

Mənə heç bir günahı olmayan günahkar damğası vurub məni bir gecə sübhə qədər bölmədə saxladılar. Telefonumu təhvil verəndə xahiş elədim ki, icazə verin, valideynlərimə başıma gələnlər barədə məlumat verim, narahat olmasınlar. Lakin onlar imkan vermədilər. Onların bu adıımı insanlığa sığırmı?

Təsəvvür edin ki, valideynlərim, doğmalarım həmin gecə səhərə qədər məni axtarıblar. İki polis əməkdaşının rüşvətxorluğu ailəmizə cəhənnəm əzabı yaşadıb. Ertəsi gün, yəni fevral ayının 19-da Nizami rayon məhkəməsinin məhkəmə iclası məni zaldan azadlığa buraxdı.

Qeyd etmək yerinə düşər ki, ağsaqqal atam gedib baş serjant Asifbəy Bayramovla görüşüb, onunla söhbət edib. Serjant atamı təhqir edib və deyib ki, hara istəyirsən get şikayət elə!

Görürüsünüzmü cənab Nazir, sosial narazılıq yaradan, dövlətçiliyimizi sarsıdan bax belə qanunsuzluqlar, özbaşınalıqlar, rüşvətxorluq və zorakılıqlardır.

Çox gülməlidir. Sual vermək istəyirəm, görəsən polisin rüşvət istəməsi nə vaxtdan bəri qanuni tələb sayılır, bəlkə rüşvətalma, rüşvətvermə rəsmiləşib, xəbərimiz yoxdur?

Cənab nazir, hörmətli Vilayət Eyvazov,

Mən yol polisinin başıma gətirdiyi müsibətləri qələmə alıb nüfuzlu saytlarda ictimailəşdirdim. Yazılarım işıq üzü görəndən dərhal sonra məni Bakı şəhər Baş Polis İdarəsinə çağırdılar. İdarənin səlahiyyətli rəsmi əməkdaşı Elnur Əliyev mənimlə xeyli fərdi söhbət elədi və izahatımı aldı.

Mən gözləyirdim ki, Elnur Əliyev məsələni ədalətlə araşdıracaq, ən azından rüşvət tələb edən serjantlarla məni üzləşdirəcək, hadisənin baş verdiyi ərazidə müşahidə kameralarına baxış zamanı ya mənim, ya da nümayəndəmin iştirakı təmin ediləcək, polis serjantı tərəfindən təhqir edilən ağsaqqal atamın izahatı alınacaq.

Lakin düşündüklərim heç də mənim gözlədiyim kimi olmadı. Nə üzləşdirmə aparıldı, nə müşahidə kameralarından xəbərimiz oldu, nə də serjant tərəfindən təhqir olunan atamın izahatı alındı. Mən Elnur Əliyevdən hansı səbəbdən üzləşdirmə aparılmadığını soruşduqda o bildirdi ki, bizim sistemdə üzləşdirmə yoxdur.

Cənab nazir, hörmətli Vilayət Eyvazov,

Çox qəribədir, necə olur ki, eyni nazirliyə tabe olan “Bandotdel” də üzləşdirmə aparılır, Bakı şəhər Baş Polis İdarəsində yox! Təəccüb təsiri bəxş edir. Bütün bunlar gözləniləndir, hamımıza bəllidir ki, yol polisinin istənilən əməkdaşı evinə əlidolu, cibidolu gedir, mən isə fəhlə işləyirəm, gözümü quru maaşa dikmişəm. Təbii ki, bağlı qapılar arxasında adlarını xırda hərflə yazan, lakin maddi imkanları olan polis serjantları ilə görüşüb söhbət etmiş olsaydım Elnur Əliyevin atdığı addımları mən də atardım.

Mən, hüquqları tapdanan Azərbaycan vətəndaşı kimi qətiyyətlə bəyan edirəm ki, Azərbaycan polisinə üz qarası saydığım adları çəkilən hər iki yol polisinin əməkdaşları Asifbəy Bayramov və İqrar Musayev polis orqanları sırasından qovulana və araşdırmaları zamanı rüşvətxor serjantları müdafiə, şikayətçi olaraq məni böhtançı yerinə qoyaraq ittiham etdiyinə görə Bakı şəhər Baş Polis İdarəsinin məsul əməkdaşı Elnur Əliyev layiq olduğu cəzanı alana qədər mübarizəm davam edəcək.

İndi isə üzümü Elnur Əliyevə tutub deyirəm:

Elnur müəllim, əli ilə çörək yediyiniz, kreslosunda oturduğunuz Vilayət Eyvazovun siyasi kursuna müqavimət göstərməyin çörəyi sizə qənim olar. Gələcəyiniz, perspektiviniz hələ qarşıdadır, haqqa qayıdın. Böyük Nəsimi demişkən:

“Haqdan qaçan haqqa çatmaz”

Ən sonda, Sizin apardığınız birtərəfli araşdırmalara və rüşvətxor serjantları müdafiə etməyinizə ciddi etiraz edirəm.

 

Əlaqə telefonu: 070 885 85 79 

Hörmətlə: Taleh Əliyev