ETSN nümayəndəsi: “Aparılan monitorinqlərdən aydın olur ki, Oxçuçayda nikelin miqdarı yeddi dəfə arıb”

19:20 07-04-2021 315

“Bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə, Oxçuçayda nikelin, dəmirin və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb”.

HerGun.Az-ın məlumatına görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev bildirib.

Onun sözlərinə görə, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına qovuşur:

“Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylarından daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə, bu çaylarda nikelin miqdarı yeddi, dəmirinki dörd, mis-molibdenin miqdarı isə iki dəfə normadan artıq aşkarlanıb”.

O bildirib ki,  martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb:
“Həmin günlərdə çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi məhv olması aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın çirklənməsini dəfələrlə artırıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresursları və ekosisteminə ciddi təhdid yaradır”.

İlhamə Əbülfət