Alimlər dünyanın ən qədim DNT-sini aşkarlayıblar - FOTO

02:00 09-04-2021 27

Dünyada tapılan ən qədim insan DNT-si 45 min il əvvəl müasir Çexiya ərazisində yaşayan bir qadına aiddir. Almaniyanın Maks Plank İnsanlar Tarixi Elmi İnstitutunun tədqiqatçıları qadının kəllə sümüyünü analiz etdikdən sonra bu nəticəyə gəliblər.

Müvafiq məqalə “Nature Ecology and Evolution” jurnalında dərc olunub.

Tədqiqatlar zamanı qadının Afrikadan Avropaya köç edən ilk “Homo Sapiens” qrupuna aid olduğu müəyyən edilib. “Neandertallar”ın onun beşinci və ya altıncı nəsil əcdadları olduğu güman edilir.

Müəlliflərin sözlərinə görə, bu qadının DNT-sinə sonradan Avropa və ya Asiyada yaşamış insanlarda rast gəlinmir.

Alimlərin fikrincə, bu kəşf insanların “Neandertallar”la uzun müddət (təxminən 40 min il əvvəl nəsli kəsilənə qədər) yanaşı yaşadıqlarını təsdiqləyir. Bunu yalnız onların DNT-ləri ilə deyil, eyni zamanda ortaq mədəniyyət də göstərir - mağaralarda, heyvanların dişlərindən bəzəklər tapılıb, bunlar Neandertallar tərəfindən də hazırlanırdı.