Rusiya televiziyasının siması olmuş Aytac Carçiyeva: “Sonuncu 100 dollarıma bilet aldım”

11:00 28-04-2021 443

Həmkarları onun Rusiyanın “Rossiya” telekanalından yerli “Xəzər TV”yə keçidini “ilin transferi” adlandırdılar. O, Vətənindəki müharibəyə və onun nəticələrinə biganə qala bilmədi. İşğaldan azad edilmiş Qarabağ torpaqlarını görə bilmək, bərpa olunmasında iştirak etmək üçün İstanbulda prestijli işini tərk etdi.

Aytac Carçıyeva HerGun.Az-a müsahibəsində dörd ay bundan əvvəl etdiyi çətin seçim haqqında və Qarabağda gördüklərindən bəhs edib.

- Necə oldu ki, məşhur rusiyalı jurnalist Azərbaycanda işləməyə gəldi?

- Azərbaycana gəlməyi çoxdan planlaşdırırdım. Son üç ildə bu istək həddən artıq artdı. Gəlişimin təbii katalizatoru Qarabağ müharibəsi oldu. Deyə bilərəm ki,  Azərbaycan üçün narahat idim, xalqım və ölkəmin yanında olmaq istəyirdim. Qarabağın bərpasını işıqlandıran ilk şəxs olmaq istəyirdim. Ancaq yığışıb sadəcə gələ bilməzdim, çünki Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti (ÜDTRYŞ) ilə müqaviləm vardı.

Ötən ilin dekabrında məzuniyyətdə Bakıya gəlmişdim. Həmin vaxt “Xəzər TV”nin baş direktoru Murad Dadaşovdan təklif aldım və məmnuniyyətlə qəbul etdim. Hazırda mən bu telekanalın xəbərlər şöbəsinin şef-redaktoruyam.

- Bir qədər “bekqraund” əlavə edək. Necə oldu ki, ÜDTRYŞ-da çalışmağa başladınız?

- “Rossiya” telekanalının xəbərlərində çalışmaq mənim uşaqlıq arzum idi. Mənim idealım Svetlana Sorokina idi. 15-16 yaşım olanda Sorokina kimi olacağımı deyirdim. Üzərindən çox illər keçdi və biz tanış olduq. Arzular bax bu cür çin olur.

Sonra mənə dedilər ki, əvvəlcə rus dilini öyrənməliyəm. Mən Azərbaycan sektorunda oxuyurdum və yeniyetmə ikən rus dilində iki kəlməni belə bir-birinə bağlaya bilmirdim. Ancaq mən olduqca inadkar bir insanam: 2002-ci ildə “böyük və qüdrətli” dili öyrənməklə ciddi məşğul oldum. 2006-cı ildə isə artıq İstanbul hava limanının yük terminalında baş verən yanğını “Vesti”də canlı yayımda işıqlandırdım.

O vaxt İstanbula yenicə gəlmişdim, doktoranturaya sənəd vermişdim. “İhlas Haber Ajansı” üçün işləmək təklif edildi: ingilis dilini bilən xəbər tərcüməçisinə ehtiyacları var idi. Bu zaman “Rossiya” televiziya kanalının çəkiliş qrupu gəldi (“İhlas” onlara təşkilatçılıq məsələlərində kömək edirdi). Onlar rus dilində mükəmməl danışdığımı dedilər və Moskvadakı rəhbərliklərinə məni məsləhət gördülər. O zaman ÜDTRYŞ-nın Türkiyədə müxbiri yox idi. CV göndərdim, tezliklə mənə zəng gəldi və Moskvaya uçdum. Sonuncu 100 dollarıma bilet aldım. Və praktiki olaraq pulsuz, amma özümə böyük inamla özümü “Rossiya” televiziya kanalının binasının qarşısına gəldim.

Əlbəttə ki, bir jurnalist üçün orada mühit cəlbedicidir, müsahibə zamanı isə ürəyim əsirdi. Müsahibəni indi “Nauka” TV kanalının baş direktoru, həmin vaxt isə “Vesti”nin beynəlxalq şöbəsinin rəhbəri olan Qriqori Kovbasyuk apardı. Mənim potensialım olduğunu gördü, çünki televiziyada işləmək təcrübəm yox idi (“Lider” telekanalında az iş təcrübəsi sayılmaz) və mənə şans verildi. Mənə dedilər ki, “hansısa ekstremal hadisədən reportaj verməlisən”. İstanbula gəldim və bir neçə gün sonra hava limanının yük terminalı yandı. Sadəcə bəxtim gətirdi. Axşam efirində canlı yayıma çıxmaq üçün insanlar bəzən illərlə işləyirlər, amma mən bu mərhələləri birdən keçdim.

- Kollektivdə sizi necə qəbul etdilər? “Vesti”də çalışmaq çətin idimi və nəyə görə sizi belə asanlıqla buraxdılar?

- Məni yaxşı qəbul etdilər və hər zaman hörmətlə yanaşdılar. Mənim soyadım – Carçıyeva rus dilinə “Vestnikova” kimi tərcümə olunur. Bu, telekanalda xoş zarafat mövzusuna çevrildi.

15 il Türkiyədə xüsusi müxbir kimi çalışdığım üçün redaksiyada nadir hallarda görünürdüm.

Bu müddətdə özümü fərqli amplualarda, o cümlədən xüsusi müxbir kimi Türkiyə qoşunlarının Suriya şimalı və İraqdakı əməliyyatlarında da sınadım. Türkiyə prezidenti, Rusiya Federasiyası nazirləri ilə birbaşa bağlantılarım olub. Mən Hatayda ağlayan uşaqları, ilk suriyalı qaçqınları görmüşəm.

Əminliklə deyə bilərəm ki, Türkiyədə rəqibim yox idi. Türk, rus və ingilis dillərini peşəkar səviyyədə bilməklə yaxşı karyera qurmaq mümkündür.

“Vesti”dən çox çətinliklə buraxdılar. Onların işçilər üçün yüksək meyarları var. Məsələn, mənim yerim hələ də boşdur. Ancaq açıq şəkildə dedim ki, müqaviləm bitmək üzrədir və ayrılmaq istəyirəm. Onların başqa seçimi yox idi.

- Siz Türkiyədə Rusiya mediasında çalışmış bir azərbaycanlısınız. Belə geniş coğrafiya ilə bağlı hər hansı bir problem yaşanıbmı? Axı, bir zamanlar Türkiyə ilə Rusiya arasında kifayət qədər gərgin münasibətlər var idi ...

- Uzun illərdir jurnalistika üzrə təlimlər keçirirəm. İldə iki dəfə türkiyəli tələbələri toplayıb, onlara jurnalist etikasını öyrətmişəm. Əsas leytmotivim o idi ki, jurnalistin münaqişənin hər hansı bir tərəfində olmaq hüququ yoxdur.

Düzdür, sosial şəbəkələrdə deyirdilər ki, “o, Türkiyəyə rəğbət bəsləyir”. Ancaq Qarabağ müharibəsindən əvvəl mən əsl bir jurnalist kimi bitərəf mövqedə dayandım. İzmir və İstanbuldakı zəlzələlərdən sonra xarabalıqları lentə alarkən nə yaşadığımı heç kim bilmirdi. Ancaq indi deyə bilərəm ki, Türkiyə mənim ikinci vətənimdir. Türk xalqının ağrıları həmişə mənim dərdim olub.

Məsələn, Suriyanın şimalında Rusiyaya məxsus təyyarə vurularkən laqeyd qalmağın nə qədər çətin olduğunu təsəvvür edə bilməzsiniz. Vəziyyətin çox gərgin olduğunu başa düşürdüm və tam bitərəfliyimi qoruyaraq bu mövzuda hesabat hazırladım. Baş redaktor məni zəng vurdu və reportaj üçün təşəkkür etdi.

Mən həm Türkiyəyə, həm də Rusiyaya qarşı danışmaqdan həmişə imtina etmişəm. Türkiyənin bəzi nəşrləri zəng edib Rusiyaya qarşı bir şey bildirmələrimi istəyirdi - mən həmişə imtina edirdim. Və ya baş ofis, reportajıma antitürk orientasiyalı bir cümlə daxil edilməsini istəyirdi. Mən deyirdim, “ya işdən çıxarın, ya olduğu kimi saxlayın”.

Səfir Karlovun öldürülməsini ilk olaraq işıqlandıranlardan biri idim. Axşam “Vesti”də canlı yayımım var idi. Düzü, o zaman bunun Rusiya-Türkiyə münasibətləri üçün ən ciddi təhlükə olduğunu düşünürdüm. Ancaq RF prezidenti Vladimir Putinin bunun üçüncü şəxslərin işi olduğuna dair ilk sözləri məni arxayın etdi.

Ümumiyyətlə, Rusiya-Türkiyə münasibətlərində bir çox şey sabun köpüyü kimi şişirdilmişdi. Məsələn, böhran zamanı rusların Antalyadakı mənzillərini kütləvi şəkildə satıb vətənlərinə getmələri barədə xəbərlər oldu. Bu mövzuda reportaj çəkməyə başladım və bunun sadəcə uydurma olduğu ortaya çıxdı.

- Qarabağdakı müharibə zamanı sosial şəbəkələrdə aktiv idiniz. İnsanlar hiss-həyəcanlarınıza necə münasibət göstərirdi?

- Həqiqətən, kifayət qədər aktiv idim. Xüsusilə, moskvalı bloqer Sadat Qulievlə yayımlar populyarlıq qazandı. Onun hər birinə 10-15 min baxış olmuşdu.

Qarabağda Vətən müharibəsi başlayanda tanışlarım mənə zəng etdilər, yazdılar, hər cür dəstək verdilər: “Erməni kimki?! O size hiç bi şey yapamaz. Kardeşim, burdayız, toparlanıb geleceyiz”.

Üstəlik, Rusiyadan da açıq dəstək hiss olunurdu. Federal kanalın işçisi olduğum üçün rusiyalı izləyicilərim də çoxdur. Onlar da deyirdilər: “Aytac, biz sənin tərəfindəyik”.

Ancaq həmkarlarımla provokasiya xarakterli söhbətlər də olub.

Artıq çox sonra mən “sevimli” rusiyalı həmkarım Semyon Peqova “cavab” verdim. Bizim sosial şəbəkədə qiyabi bir atışmamız da olub, mən onu orada “xınalı baş” adlandırırdım.

O “Komsomolskaya Pravda”nın xüsusi müxbiri Aleksandr Kots ilə “Hadrut” yazısı altında sensasiyalı bir şəkil çəkdirmişdi. Həmin vaxt o iddia edirdi ki, azərbaycanlı jurnalistlərdən fərqli olaraq, o, Hadrutda sərbəst gəzə bilir və foto onun sözlərinin təsdiqidir.

Mən də yeni “Hadrut” yazısının fonunda şəkil çəkdirdim və şəbəkəyə yerləşdirdim – qoy bilsinlər ki, Azərbaycan jurnalistlərinə doğma torpaqlarında heç bir maneə yoxdur.

- Azərbaycana gəldiniz və dərhal Qarabağdan reportajlar çəkməyə getdiniz. Onu necə tapdınız? Gözləntiləriniz reallıqla uyğun gəldi?

- İşğaldan xilas edilmiş zonada ilk çəkilişim Füzulidə idi, orada aeroportun tikintisini işıqlandırırdıq. Reallıq gözləntilərimi bir qədər yanıltdı. Mən belə bir viranəlik görəcəyimi düşünməzdim. Bu ağrılı idi. Elə təəssürat yaranmışdı ki, sanki vandalların Romanı dağıtması haqqında film çəkirəm. Ağdamda və Füzulidə belə idi.

Postlarda sizi sahibləri tərəfindən tərk edilmiş ac köpəklər qarşılayır. Orada onlara zarafatla “Paşinyanın itləri” deyirlər.

Xocavənd rayonunda Edilli kəndi var. Burada qondarma dövlətin milli təhlükəsizlik nazirliyi adlandırılan bir qurumun başçısı Kamo Aqadjanyan özünə bağ evini tikməyə qərar verib.

“Ziyarət” etmək məqsədi ilə ora daxil olarkən ayaqyolunun əsas aksesuarı - unitazın yerində olmadığını gördüm. Mən hər şeyi başa düşürəm, bəlkə də Ermənistanda bu atribut bahadır və ya başqa bir səbəb var, amma bir “nazirin” bu qədər alçala biləcəyini təsəvvür etmək çətin idi.

Hadrutdakı evlərə rahatlıqla daxil olurduq. Orada dağlarda təxribatçılar da ola bilərdi. Ancaq mən heç nədən qorxmurdum. İndi Qarabağa etdiyim səfərlərdən film hazırlayıram.

- Siz xəbərlər şöbəsinin şef redaktoru olaraq, təcrübənizi yeni nəsil Azərbaycan jurnalistləri ilə bölüşürsünüz. Bu mübadilə necə baş verir?

- Əlaqə normal keçir. Gənclərə efir bacarıqlarını çatdırmağa, düzgün “stendap” etməyi öyrətməyə çalışıram. Axı bu sahədə ətrafda baş verənlər barədə tam məlumatlı olmaq çox önəmlidir. Bizim işimizi başa düşməyən yox, onu aydın izah edə bilməyən insanlar var. Gec-tez insan başa düşməyə başlayır. Tez öyrənənlər insanı sevindirir – onlar jurnalistika damarına sahib olan şəxslərdir. Artıq mənim də bu sahədə uğurlarım var. Gənc müxbirlərdən biri iki ay ərzində bir çox məqamları qavradı və indi “sərbəst üzməyə” başlayıb. Ümumiyyətlə, bizim gözəl komandamız var.

- Sonda, bir həmkar kimi ən maraqlı işiniz barədə bizə məlumat verin

- Bir dəfə Türkiyə Prezidentini təəccübləndirə bildim. 2011-ci ildə TASS informasiya agentliyinin baş direktor müavini Mixail Qusman İstanbula gəlmişdi. O, özünün “Formula vlasti”(Hakimiyyətin düsturu) proqramı üçün Ərdoğandan müsahibə alırdı. Mənə Rusiya konsulluğundan imkan daxilində sinxron tərcümədə kömək etmək üçün çəkilişdə iştirak etməyimi xahiş etdilər. Türk dilində bir şeylər danışmağa başladım. Sonra anidən rus dilinə keçdim. Ərdoğan mənə tərəf döndü, təəccübünü dilə gətirdi və Rusiyada təhsil aldığımı ehtimal etdi. Mənim azərbaycanlı olduğumu öyrəndikdə gülümsəyərək “Kardeşiz desəniz” söylədi.

Namiq Həsənov