Pensiyaya alternativ sistem: Vətəndaş daha çox pul ala bilər - MÜSAHİBƏ + FOTO

16:00 01-05-2021 516

Azərbaycanda sığorta bazarına nəzər saldıqda ötən illərlə müqayisədə yığılan sığorta haqlarının və sığorta ödənişlərinin həcminin artığını müşahidə edirik. Növbəti dövrdə sığorta növlərinin siyahısının da genişləndirilməsi gözləniləndir. 

Gələcəkdə yaşa görə pensiya ödənişlərinə alternativ ola biləcək sığorta növü barədə məlumat verən Azərbaycan Sığortaçılar Assosiasiyasının “Ekspert qrupu”nun üzvü Şahin Mahmudzadə HerGun.Az-a müsahibəsində özəl pensiya sistemi barədə məlumat verib. 

- Yaşa görə əmək pensiyasına alternativ ola biləcək sığorta növü haqqında məlumat verə bilərsiniz?

- Əsasən İkinci Dünya müharibəsindən sonra əmək bazarında qıtlıqda olan bacarıqlı işçiləri cəlb etmək üçün şirkətlərin əlavə imtiyaz olaraq dövlət pensiyasından əlavə pensiya təklif etməsi ilə məşhurlaşmağa başlayan özəl pensiya fondları hazırda əsasən inkişaf etmiş ölkələrdə vacib vasitə sayılır. Qlobal səviyyədə bu fondlarda yığılan vəsaitlərin həcmi keçən il 50 trilyon ABŞ dolları üstələyib. Lakin, bu sistem dövlət pensiya sistemini əvəz etmir, tam tərsinə insanların ahıl yaşda həyat standartını qorumaq üçün əlavə imtiyaz kimi verilir. Hazırda ABŞ-da fəal, yəni əmək fəaliyyətilə məşğul ola biləcək əhalinin 60 faizi, Almanyada 70 faizi, Böyük Britaniyada 45 faizi bu tip fondların xidmətlərindən faydalanır.

- Bu sığorta növü dünya ölkələrində necə tətbiq edilir və Azərbaycana bu təcrübəni necə daşımaq mümkündü?

- Sistem coğrafi və siyasi dinamikasına görə müəyyən fərqliliklər göstərsə də tətbiq edildiyi bütün ölkələrdə baza prinsipləri demək olar ki, eynidir. Bunların başında dövlət dəstəyi durur. Yəni, insanlar bu fondlara vəsait qoyduqca dövlət də qoyulan vəsaitə uyğun olaraq müəyyən həcmdə vəsait yerləşdirir. Həmin vəsaitlər isə əsasən həyat sığortası şirkətləri tərəfindən investisiya qoyulur. Nəticədə həm dövlət daxildə uzunmüddətli vəsaitlərin yığılmasına, vətəndaşların da yığım mədəniyyətinin formalaşmasına və dolayı yolla izafi istehlak xərclərinin azalmasına nail olur. Həm də vətəndaşlar öz gələcək rifahlarını qaranti altına almış olurlar.

Bundan başqa, digər investisiya imkanlarından fərqli olaraq özəl pensiya fondlarına yönəldilən vəsaitlər və bu fondlardan gələn gəlirlər vergidən azad olunurlar. Digər tərəfdən, dövlət pensiya fondlarından fərqli olaraq bu özəl fondların müştəriləri işsiz şəxslər də ola bilər. Ölkəmizdə artıq 10 ildən çoxdur ki, həyatın yığım sığortası məhsulu ilə müəyyən praktika mövcuddur və özəl pensiya sistemlərinə xas xüsusiyyətlərin bəzilərini özündə cəmləşdirir. Fikrimcə, indiki mərhələdə bu sistemi inkişaf etdirmək, qanunvericilik bazasını təkmilləşdirmək, lazımi institutsional reformaları həyata keçirməliyik. Dövlət indidən özəl pensiyalara qoşulmaları təşviq etməli və gələcəkdə büdcədə yaranacaq böyük pensiya öhdəliklərini özəl sektorla bölüşdürməlidir. 

- Əmək pensiyaları ilə müqayisədə bu sistemin hansı üstünlükləri var?

- Dövlət pensiyasından fərqli olaraq bu fondlarda vətəndaşlar özləri yığılmış vəsaitlərinin hara investisiya qoyulmasına qərar verə bilirlər. Digər tərəfdən dövlət pensiya sisteminə nəzərən daha erkən pensiyaya çıxma fürsəti də vətəndaşlara təqdim olunur. Dövlət pensiya sistemində yığılan vəsait tam olaraq şəxsin mülkiyyəti sayılmır. Yəni, əgər vətəndaş pensiya yaşına qədər vəfat edərsə o zaman yığılan vəsaitlər digər yaşayan pensiyaçının ödənişinin verilməsinə yönəlir. Dolayısıyla çox yaşayan insanlar erkən vəfat edən insanların hesabına pensiya ilə təmin olunurlar. Özəl pensiya fondlarında yığılan vəsaitlər isə tamamilə şəxsin mülkiyyəti sayılır və vəfat etdiyi tədqirdə həmin yığılan vəsaitlər müəyyən formada varislərinin hesabına köçürülür.

- Bu sistem üzrə yığımlar necə həyata keçirilir və sığortaçı təqdim etdiyi vəsaitəyə görə nə qədər ödəniş əldə edir?

- Yığımların gəlirdəki payı ölkələrə görə fərqlidir. Burada vacib olan daxili iqtisadiyyatın nə qədər yığıma ehtiyacının olmasıdır. Əgər ölkə vətəndaşlarının yığımları daxili bazara qoyulacaq investisiya həcmlərinin çox altındadırsa, o zaman dövlət maraqlıdır ki, vətəndaşların sığorta haqları artırılsın və bu vəsaitlər daxili bazara qoyulan investisiyalara yönəldilməklə xarici borclanmanın qarşısı alınsın. Nəticə etibarilə qoyulan hər 1 manat investisiya kiminsə yığımıdır. Əgər bu yığım ölkə daxilində mümkün deyilsə, o zaman xarici ölkələrin yığımını cəlb etməliyik ki, bunu da xarici borclanma adlandırırıq. Vətəndaşların alacağı pensiyaların həcmi də müəyyən faktorların təsiri ilə fərqliliklər göstərir. Vətəndaş nə qədər çox yaşasa hesabında o qədər çox vəsait yığılacaq və daha çox ödəniş alacaq. Digər tərəfdən bu vəsaitlərin investisiyasından qazanılan gəlirlər çoxaldıqca ki, bu da dolayı yolla inflasiyanın həcmindən asılıdır, vətəndaşlar daha yüksək məbləğlərdə pensiya almaq hüququna sahib olacaqlar. Ümumiləşdirsək uzunmüddətli götürülən risklər artdıqca bu risklərin qarşılığında pensiya ödənişləri də artmış olacaq.

- Müqayisə aparsaq, bu sığorta sistemi vətəndaş üçün daha sərfəlidir ya dövlət tərəfindən verilən yaşa görə əmək pensiyası?

- Əslində hər iki növ birlikdə sərfəlidir. Nəticə etibarı ilə bu sistemlər biri-birinə alternativ deyil, tamamlayıcı funksiyasını daşıyacaqlar. Yığılan vəsaitin pay bölgüsünə gəldikdə isə bu daha çox vətəndaşların risk alma meyllərindən asılıdır. Nəzərə alsaq ki, dövlət pensiyası de-yura qarantiyalıdır, sadəcə uzunömürlü olmaq lazımdır. Özəl pensiyada isə vətəndaşlar müəyyən investisiya risklərinə məruz qala bilərlər, sığorta şirkətinin iflas etməsi və ya investisiyaların yetərli qədər gəlirli olmaması kimi və s. Ümumilikdə qlobal trendlər onu göstərir ki, əhalinin maliyyə savadlılığı artdıqca özəl pensiya sisteminə maraq da dövlət pensiyası sisteminə nəzərən artır.

- Bu sistem Azərbaycanda da tətbiq edilə bilər?

- Nə zaman tətbiq edilməsi daha çox siyasi iradə ilə əlaqəlidir. Öncədən vurğuladığım kimi bu sistemlərin işlək mexanizmə dönüşməsi üçün dövlətin daxili yığımın artırılmasında birbaşa marağı olmalıdır və sığorta haqlarına nəzərən müəyyən həcmdə dəstək verməlidir. Lakin, demoqrafik yaşlanma trendini və bunun yaradacağı büdcə xərclərinin artması kimi fiskal fəsadları, digər tərəfdən neft ehtiyatlarımızın yaxın 30 ildə kifayət qədər azalmasına görə büdcə gəlirimizin də əsaslı formada azalacığını nəzərə alsaq artıq indidən addımlar atmalı olduğumuzu deyə bilərəm. Nəticədə, 20-30 il sonra başlayıb və bitməsi real görünməyən bir problemdən bəhs edirik. Həyat sığortası şirkətlərində sığorta haqları yığılmağa başlamalıdır ki, dövlət uzunmüddətli perspektivdə pensiya xərclərini özəl sektorla bölə bilsin.

Nigar Məmmədova